Rəvvadilər

(Rəvvadilər dövləti səhifəsindən yönləndirilmişdir)

Rəvvadilər dövləti981–1065-ci illərdə cənubi Azərbaycan ərazisində əsası Əbülheyca tərəfindən qoyulmuş, paytaxtı əvvəlcə Ərdəbil sonra isə Təbriz olmuş dövlət; Rəvvadilər sülaləsinin hakimiyyətdən kənarlaşdırılmasından sonra Əhmədillər sülaləsi Rəvvadilər dövlətini qısa müddətə - 1107-1117-ci illər ərzində - bərpa edə bilir.[1]

Tarixi dövlət
Rəvvadilər
 
 
 

Paytaxt Təbriz
Rəsmi dilləri ərəb dili
Dövlət dini İslam
İdarəetmə forması Monarxiya
Sülalə Rəvvadilər
Davamiyyət
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixinin saxtalaşdırılması

redaktə

Avropa şərqşünaslarının bəziləri Salarilər, Rəvvadilər və Şəddadilər sülaləsini qarışdıraraq Salarilər sülaləsi adlandırmışlar. Xüsusilə, E.Zambaur özünün sülalələrin şəcərəsinə həsr etdiyi bir neçə hissədən ibarət olan əsərində Rəvvadilər və Şəddadiləri Salarilərin şəcərə cədvəlinə daxil etmişdir. E.Zambaur Salarilərin şəcərə cədvəlində Müsafirdən sonra Məhəmməd, I Mərzuban, bundan sonra isə onun oğlanları - Custan, I İbrahim, Nasir və Rəvvadın adını göstərir. Bu cədvəldə Rəvvaddan sonra onun oğulları Əbülheyca (Əhər və Vəziqan hakimi), Şəddad, Əbülheycadan sonra Məmlan, Vəhsudan (Əbu Mənsur), Məmlan və Əhmədilin adları göstərilir. Beləliklə, E.Zambaurun məşhur əsərində hələ Azərbaycanda Salarilərdən əvvəl, həm də sonra hakimiyyət başında olmuş Rəvvadilər sülaləsi Salarilər və Şəddadilərlə qarışdırılmışdır. Vəhsudan və Əbülheyca kimi eyni adlı hakimlər həm Salarilər sülaləsinə, həm də Rəvvadilər sülaləsinə mənsub olmuşlar. Bir tərəfdən hər iki sülalədən olan hakimin Vəhsudan və Əbülheyca adlanması, digər tərəfdən isə Salarilərin axırı və Rəvvadilərin ikinci dövrünün başlanğıcına qədər keçən vaxtda baş verən hadisələr haqqında Şərq mənbələrində lazımi məlumat olmadığına görə, bu dövlətlərin tarixi saxtalaşdırılmışdır.[2]

Mənşəyi

redaktə

Rəvvadilər Azərbaycanda hələ VIII əsrdən yaşamış, Marağa, Təbriz, Əhər, Vaziqan hakimi olmuş, Salarilərin zəiflədikləri dövrdə isə Azərbaycanın böyük hissəsində hakimiyyəti ələ almışlar. Rəvvadilərin Salarilərlə etnik nöqteyi-nəzərdən heç bir əlaqələri olmamışdır. Rəvvadilərin Azərbaycanda hələ VIII əsrdən məskən salmaları və hakimiyyətdə olmaları haqqında ilk mənbələrdə bəzi məlumata təsadüf etmək olar. Yə`qubi yazır ki, xəlifə Əbu Cəfər Mənsur Yəzid ibn Hatəm əl-Mühəlləbini Azərbaycana hakim təyin edərkən, bu vilayətə ilk dəfə Bəsrədən yəmənlilər köçürüldülər. Sonra xəlifə Rəvvad ibn əl-Müsənnə əl-Əzdini Təbrizə, Mürr ibn Əli ət-Taini Nərizə, Əl-Həmədanini Miyanicə köçürtdü. Yə`qubinin bu məlumatından aydın olur ki, haqqında bəhs etdiyimiz Rəvvadilər dövlətinin başçısı Rəvvad ibn əl-Müsənnə əl-Əzdi hələ VIII əsrin üçüncü rübündə Azərbaycana gəlmiş və Təbrizdə yaşamışdır. İlk mənbələrdə Rəvvaddan sonra onun oğlu Vəcnanın adı çəkilir. Rəvvadilər haqqında bəzi məlumat verən Bəlazuri yazır ki, əvvəlcə Təbrizdə ər-Rəvvad əl-Əzdi, sonra isə onun oğlu Vəcna ibn Rəvvad sakin olmuşdur. O öz qardaşı ilə burada müxtəlif binalar tikdirdi. Təbrizin ətrafına hasar çəkdirərək onu möhkəmlətdi. Onun tayfasından olan adamlar da burada sakin oldular. Kəsrəvi Təbrizi yazır ki, bildiyimizə görə, Rəvvadın Vəcna, Məhəmməd və Yəhya adlı üç oğlu var idi. [2] Bu sülalənin soykökü qədim ərəb nəsillərindən birinə bağlanırdı. Xilafət işğalları zamanı Azərbaycanın Güney bölgələrinə də çoxlu ərəb köçürülmüşdü. Ərdəbil, Təbriz, Marağa, QaradağƏhər bölgələrində müxtəlif ərəb nəsilləri yurd salmışdılar. Onlardan biri də əzdilər nəsli idi. Bu nəslin banisi əslən Yəmənli olan ər-Rəvvad əl-Əzdi idi. Azərbaycanda məskən salmış başqa ərəb nəsilləri kimi Rəvvadilər də yerli əhali ilə qaynayıb-qarışmışdılar. Hələ VIII yüzilin sonlarında yarımmüstəqil dövlətə çevrilmiş Rəvvadi əmirliyi zaman-zaman tamamilə müstəqilləşir, az qala Azərbaycanın bütün cənub torpaqlarını öz nəzarəti altında saxlayırdı.[3]

Dövlət yaratmaq cəhdi

redaktə

İbn əl-Bə`is Mərənddə hakimiyyətdə olduğu dövrdə Rəvvadilər Təbrizi möhkəmlədərək müstəqil olmağa başlamışdılar. İbn əl-Bə`isin torpaqları ilə yanaşı Rəvvadilərin geniş və zəngin torpaqları uzanırdı. Rəvvadilər Təbrizi özlərinə iqamətgah etmiş və Xilafətə qarşı qalxaraq müstəqil dövlət yaratmağa çalışırdılar.[2] İlk mənbələrdən aydın olduğu kimi, Vəcnadan sonra Təbrizdə hakimiyyət onun qardaşı Məhəmməd ibn Rəvvadın əlinə keçmişdi. Məhəmməd ibn Rəvvadın hakimiyyəti haqqında olduqca az məlumat vardır. İbn əl-Nədim Babəkin gəncliyi haqqında məlumat verərək yazır:

  Babək iki il Təbrizdə Məhəmməd ibn Rəvvad əl-Əzdinin yanında işlədi və oradan on səkkiz yaşında ikən anasının yanına qayıtdı. [4]  

Bu məlumatlardan aydın olur ki, Məhəmmədin Təbrizdə hakimiyyəti xürrəmilərin hərəkata başladığı ilk dövrə, yəni VIII əsrin sonu, IX əsrin əvvəllərinə təsadüf etmişdir. 198 (813-814)-ci ilin hadisələri ilə əlaqədar olaraq Yə`qubi Məhəmməd ibn Rəvvadın Azərbaycanda hakimiyyəti haqqında yerli feodalların Xilafətə qarşı mübarizə şəraitində hakimiyyəti ələ almaları haqqında məlumat verir.[2] O yazır:

  Azərbaycanda Məhəmməd ibn ər-Rəvvad əl-Əzdi, Yəzid ibn Bilal əl-Yeməni, Məhəmməd ibn Həmid əl-Həmdani, Osman ibn Əfqəl və Əli ibn Mürr ət-Tai... hakimiyyəti ələ aldılar. [5]  

Məhəmməd ibn Rəvvaddan sonra, onun qardaşı Yəhya ibn Rəvvadın Təbriz hakimi olduğunu güman etmək olar. Yə`qubi yazır ki, 235 (849-850)-ci ildə Kiçik Buğa Azərbaycana vali təyin edildikdən sonra Ət-Tab Mərənd hakimi ibn əl-Bə`isi tutub xəlifənin sərəncamına göndərdiyi zaman onunla birlikdə Yəhya ibn Rəvvad da Bağdada göndərilmişdi, lakin xəlifə ona hörmət edib, hakimiyyətini saxlamışdı. Yəhya ibn Rəvvadın sonrakı fəaliyyəti haqqında heç bir məlumat qalmamışdır. Yəhya ibn Rəvvad 235 (849-850)-ci ildə Bağdada aparıldıqdan sonra 344 (955-956)-cü ilə qədər, yəni İbn Havqəl tərəfindən Əhər və Vərzqan hakimi Əbülheyca ibn Rəvvad Salar Mərzubana tabe olaraq, ona xərac verən əmirlər sırasında göstərildiyi dövrə qədər, keçən 108 il ərzində Rəvvadilərin fəaliyyətinə aid məlumata təsadüf edilməmişdir. Lakin V.Minorski ərəb dilində olan “Tarix əl-Bab və əl-Əbvab” adlı müəllifi məlum olmayan əlyazmaya əsasən Rəvvadilərin bu dövrdə hakimiyyətdə olmuş altı nümayəndəsinin adını çəkirː

  1. Məhəmməd ibn Hüseyn ər-Rəvvadi — Məhəmməd əvvəl Ermənistanda hakim olmuş, lakin Salar Mərzuban həbsdə olduğu zaman Ermənistandan başqa Azərbaycanın bir neçə nahiyəsini də ələ keçirmişdir.
  2. Hüseyn ibn Məhəmməd ər-Rəvvadi — O, 345 (956-957)-ci ildə Təbrizi tutaraq, şəhər ətrafındakı qala hasarını təmir etdirmiş və 350 (961-962)-ci ildə onu öz dövlətinin paytaxtı etmişdir. Salar İbrahim məğlubiyyətə uğrayaraq Reyə getdiyi zaman vəziyyəti yaxşılaşmışdır.
  3. Əbülheyca Məhəmməd ibn Hüseyn ər-Rəvvadi — 373 (983-984)-cü ildə Azərbaycan hakimi Salar İbrahim ibn Mərzuban öldükdən sonra Əbülheyca bütün Azərbaycan vilayətlərinin idarəsini öz əlinə alır. Azərbaycanın bir neçə nahiyəsini əlində saxlamağa çalışan Mərzuban ibn İsmayıl ibn Vəhsudanı 374 (984-985)-cü ildə tutaraq həbs edir və onun işğal etdiyi Azərbaycan torpaqlarını öz dövlətinin ərazisinə birləşdirir. Qardaşı Mərzuban ibn Hüseyn ona qarşı qiyam etdiyi zaman, Əbülheyca 386 (996)-cı ildə onu tutub həbs edir. 391 (1000-1001)-ci ildə Əbülheyca Məhəmməd ölür.
  4. Əbunəsr ibn Məhəmməd — O, 416 (1025-1026)-cı ildə ölür.
  5. Əbu Mənsur Vəhsudan ibn Məhəmməd — Əbunəsrin qardaşı idi və 1059-cu ilin mart ayına qədər hökmranlıq edib.
  6. Vəhsudanın oğlu Məhəmməd (Məmlan) — 1073-cü ilədək (bəzi mənbələrdə 1071-ci ilədək) hökmranlıq edib. Həmin ildə onu və ailəsini sultan Alp-Arslan həbs edir, bununla da Azərbaycanda Rəvvadilərin hakimliyinə son qoyulur.[6]

Adı çəkilən hakimlərdən yalnız Əbülheycanın dövründə Rəvvadilər dövlətin əsasını qoya bilirlər. Əbülheycanın 981-ci ildə Salari hökmdarı İbrahimə qarşı mübarizə apardığı mübarizədə qalib gəlmişdi və İbrahimi əsir edərək Azərbaycanda hakimiyyəti öz əlinə almışdı. Əbülheyca Xoy və Urmu feodallarını da özünə tabe etmişdi. Beləliklə, Əbülheyca Arrandan başqa Salarilərin əlində olan Azərbaycan torpaqlarını öz hakimiyyəti altına alaraq 36 il hakimiyyət sürür. [6]

Rəvvadilər dövlətinin yaranması və yüksəlişi

redaktə

Salarilər hakimiyyətinin zəiflədiyi dövrdə qüvvətlənən Təbriz, MarağaƏhər hakimi Əbülhica 981-ci ildə Salarilər dövlətinin sonuncu hökmdarı İbrahim ibn Mərzbanı (962–981) taxtdan salıb Rəvvadilər dövlətinin əsasını qoydu. Salariləri məğlubiyyətə uğratdıqdan sonra Rəvvadilər Azərbaycanın Güney torqaqlarını qəti olaraq öz hakimiyyətləri altında birləşdirdilər. Bundan başqa Rəvvadilər Muğan hakimi Sipəhbudu məğlub edib özlərindən asılı vəziyyətə saldılar. Əbülheyca Rəvvadi 988-ci ildə Vaspurakan üzərinə hücum etdiyi zaman ölür, onun yerinə, oğlu Məmlan Məhəmməd keçir. Məmlanın hakimiyyət dövrü və o zaman baş verən hadisələr haqqında mənbələrdə geniş məlumat yoxdur. Məmlandan sonra Əbu Nəsrin, Əbu Mənsur Vəhsudanın rəvvadilərə rəhbərlik etməsi məlumdur. Vəhsudanın dövrü ilə bağlı ən məşhur hadisələrdən biri oğuzların Rəvvadilər dövləti hüdudlarında məskunlaşdırılması ilə bağlıdır.

 
Dörd Qəbirlər: Təbrizdə Rəvvadi hökmdarlarının məqbərəsi.

Tarixən məlumdur ki, 1028-ci ildə sultan Mahmud Qəznəviyə (998–1030) qarşı qaldırılmış uğursuz qiyamdan sonra təqribən iki min oğuz çadırı (ailəsi) qərbə qaçmışdı. Hökmdar Vəhsudan (1020–1059) oğuzların Rəvvadilər dövlətində sığınacaq tapmış hissəsini dostcasına qarşılamış, onlara torpaq payı vermişdi. Qaçqınları öz təbəəliyinə qəbul edən Vəhsudan onlardan Bizans imperiyasına, eləcə də digər iri feodallara qarşı mübarizədə istifadə etmək niyyətində idi. Rəvvadi hökmdarları Azərbaycanda ilk dəfə XI əsrin 30-cu illərində görünən səlcuqlardan da bu məqsədlə istifadə etdilər.[1]

Səlcuqlu təbəəliyi

redaktə

1054–1055-ci ildə sultan Toğrul bəyin başçılığı altında Azərbaycana yürüş edən səlcuq qoşunları Təbriz şəhərinə yaxınlaşdılar. Rəqibin qüdrəti qarşısında acizliyini dərk edən Rəvvadi hökmdarı Vəhsudan, Toğrul bəyin hakimiyyətini tanıyır, adına xütbə oxunmasını əmr edir, sultana qiymətli hədiyyələr verir. Beləliklə, Rəvvadi hökmdarları da Səlcuqlu təbəəliyini qəbul etdilər. 1058/59-cu ildə Vəhsudanın ölümündən sonra Toğrul bəy onun oğlu II Məmlanı Azərbaycan hakimi təyin edir. Lakin mənbələrdə 1060-cı ildə Toğrul bəyin Təbrizi yenidən mühasirəyə alması haqqında məlumat vardır. Görünür, atasından sonra hakimiyyətə sahib olmuş Məmlan müstəqilliyi saxlamaq qərarına gəlmiş, buna görə də Səlcuqilər Təbrizi mühasirə etmişdilər. Dörd ay davam edən bu mühasirə Səlcuqilər üçün uğursuzluqla nəticələnsə də, Toğrul bəy müəyyən olunmuş verginin bir hissəsini ala bilir, II Məmlan yenidən soltanın təbəəsi olduğunu elan edir.[1] Rəvvadilər ölkənin paytaxtını Ərdəbildən Təbrizə köçürdülər. Bu, mütərəqqi bir addım idi. Çünki Təbriz bütün Azərbaycan torpaqlarının iqtisadi, siyasi və mədəni baxımdan birləşdirilməsi üçün çox əlverişli mövqedə yerləşmişdi. Müxtəlif Şərq ölkələrini Aralıq dənizi və Qara dəniz sahilləri ilə, həmçinin Dərbənd keçidi vasitəsilə Volqaboyu və Şərqi Avropa ilə birləşdirən beynəlxalq karvan yollarının qovşağında yerləşən Təbriz Rəvvadilərin hakimiyyəti illərində böyüyüb abadlaşdı.

1063-cü ilin yayında Toğrul bəyin qoşunu Xoy şəhərinə yaxınlaşaraq, on min dinar məbləğində pulun ödənilməsini tələb edir. Şəhərin rəisi Şeyx Yusif yalnız 4 min dinar verməyə razı olur. Səlcuqilər şəhəri mühasirəyə alsalar da, əvvəlcə heç bir nəticə əldə edə bilmirlər. Onda Toğrul bəy hücumçu dəstələrini gücləndirir. Qırx günlük mühasirədən sonra şəhər sakinləri aman diləyirlər. Bu dəfə Səlcuqilər artıq otuz min dinar tələb edirlər. Üç gündən sonra Xoy şəhərinə daxil olan Səlcuqilər inadkar şəhər əhalisinə qarşı cəza tədbirləri görürlər. ġəhər rəisi Yusif və onun qardaşı Musa zindana salınırlar. Toğrul bəyin əmri ilə azadlığa buraxılan Musa sonralar Xoyda yerləşdirilmiş səlcuq hərbi hissəsini qovaraq, şəhərin rəisi ola bilmişdi. Həmin il Toğrul bəy Reydə vəfat edir. Hakimiyyət onun qardaşı oğlu Alp Arslanın əlinə keçir. Sələfinin siyasətini davam etdirən Alp Arslan özünün Azərbaycandakı vassallarına, o cümlədən Rəvvadilərə təsirini möhkəmləndirməyə çalışır. Elə o zaman XoySəlmas şəhərinin sakinləri yenidən itaətsizlik göstərirlər. Səlcuqilər yalnız zor gücünə vergilərin ödənilməsinə və onların hakimiyyətlərinin tanınmasına nail ola bilirlər. 1066-cı ildə Azərbaycana Səlcuq yürüşləri hələ də davam edirdi. Yeni şəhər və vilayətləri fəth edən Alp Arslan, Xoy kimi basılmaz şəhərləri daimi nəzarət altında saxlamağa çalışırdı. Beləliklə, Rəvvadi hakimləri rəsmi olaraq Səlcuqilərin ali hakimiyyətini tanısalar da, imkan düşən kimi bu asılılıqdan azad olmağa cəhd göstərirdilər. 1065-ci ildə, görünür, Səlcuqilərə qarşı belə hərəkətlərinə görə əmir Məmlan Alp Arslan tərəfindən hakimiyyətdən kənar edilir. Səlcuq əmirlərindən biri Təbriz hakimi təyin edilir. Bizans qoşunları üzərində 1071-ci ildə qazanılan çox mühüm qələbədən sonra isə Alp Arslan Məmlanın uşaqlarını da zindana saldırır. Təqribən bir əsr hakimiyyətdə qalmış Rəvvadilər sülaləsi Səlcuqilərin əli ilə siyasi fəaliyyətlərinə uzun müddət ara verirlər. Bütün Cənubi Qafqaz bölgəsi Orta Asiyadan Aralıq dənizinə, Qafqazdan İran körfəzinədək geniş ərazini tutan Səlcuq dövlətinin tərkibinə daxil olur.[1]

Əhmədillər sülaləsi

redaktə

Siyasi hakimiyyətlərini əldən vermiş Rəvvadilər uzun illər öz əvvəlki qüdrətini geri qaytara bilmədilər. Yalnız 1107–1108-ci il hadisələri ilə əlaqədar mənbələrdə Azərbaycanın cənub-qərb torpaqlarına sahib olan Marağa hakimi Əhmədili ibn İbrahim ibn Vəhsudan ər-Rəvvadinin adı çəkilir. Onun hakimiyyət dövrü tarixə Əhmədillər sülaləsinin hakimiyyəti dövrü kimi daxil olmuşdur. 1111–1112-ci ildə Əhmədili Mosul, Diyarbəkr, Xilat və başqa yerlərin hakimləri ilə birlikdə Suriya ərazisində xaçpərəstlərə qarşı aparılan döyüşdə iştirak etmişdir. 1116–1117-ci ildə Əhmədili Bağdadda xəlifə sarayında batinilərdən biri tərəfindən öldürülür. Beləliklə, Rəvvadilər sülaləsi siyasi tarix səhnəsindən çıxır.

Yalnız Marağada Əhmədilinin qulamı Ağsunqur hakimiyyəti əlində saxlaya bilir. Rəvvadilərin davamı olan Ağsunquri hakimləri atabəy titulunu daşımış, öz mülklərini monqol işğalınadək əllərində saxlaya bilmişlər.[1]

Rəvvadilər sülaləsinin şəcərəsi

redaktə
  • Rəvvad ibn Müsənnə əl-Əzdi
  • Məhəmməd ibn Rəvvad (813-814)
  • Vəcna ibn Rəvvad (844-845)
  • Yəhya ibn Rəvvad (849-850)
  • Rəvvad ibn Məhəmməd
  • Hüseyn ibn Məhəmməd
  • Əli ibn Hüseyn
  • Məhəmməd ibn Hüseyn
  • Mərzuban ibn Hüseyn
  • Hüseyn ibn Məhəmməd (956-961-?)
  • Əbülheyca Məhəmməd ibn Hüseyn (983-988)
  • Məmlan (988-1019/1020)
  • Əbu Mənsur Vəhsudan ibn Məhəmməd (1020-1059)
  • Əbülheyca Mənuçehr ibn Əbu Mənsur Vəhsudan
  • Məmlan ibn Əbu Mənsur Vəhsudan (1059-1070)
  • Əhmədil ibn İbrahim ibn Vəhsudan əl-Rəvvadi (1107/1108-1116/1117)
  • Ağsunqur (1122/1123 - 1132/1133)[7]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 5 Azərbaycan tarixiː [7 cilddə]. 2-ci cildː III-XIII əsrin I rübü. Bakıː Elm, 2007, s.284-286
  2. 1 2 3 4 Şərifli, M.X. IX əsrin ikinci yarısı - XI əsrlərdə Azərbaycan feodal dövlətləri. Bakı: [s.n.], 2013, s.272-278
  3. Azərbaycan tarixiː [7 cilddə]. 2-ci cildː III-XIII əsrin I rübü. Bakıː Elm, 2007, s.177
  4. Буниятов, З.М. Азербайджан в VII-IX вв. Баку, 1965, c. 320.
  5. Şərifli, M.X. IX əsrin ikinci yarısı - XI əsrlərdə Azərbaycan feodal dövlətləri. Bakı: [s.n.], 2013, s.272-277.
  6. 1 2 Şərifli, M.X. IX əsrin ikinci yarısı - XI əsrlərdə Azərbaycan feodal dövlətləri. Bakı: [s.n.], 2013, s.279-280
  7. Şərifli, M.X. IX əsrin ikinci yarısı - XI əsrlərdə Azərbaycan feodal dövlətləri. Bakı: [s.n.], 2013, s.300