Oqtay Quliyev
Oqtay Quliyev (22 sentyabr 1938, Ağdam) — Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının professoru, sənətşünaslıq namizədi, görkəmli tarzən-pedaqoq, muğam bilicisi, əməkdar incəsənət xadimi, prezident təqaüdçüsü.[1]
Oqtay Quliyev | |
---|---|
Oqtay Quliyev | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | pedaqoq, tarzən, muğam bilicisi |
Musiqi aləti | tar |
Mükafatları |
Həyatı
redaktəO. Quliyev 1938-ci ildə Ağdamda anadan olmuş, sənətə ilk addımını rayon musiqi məktəbində atmış, onun tar ixtisası üzrə yüksək pedaqoji təcrübəyə malik müəllimləri həm not iztisası, həm də muğam sənəti üzrə sirlərini məmnuniyyətlə öyrətmişlər. Müəllimlərinin məsləhətilə Bakıya gəlmiş və təhsilini A.Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində davam etdirmişdir. Burada məşhur sənət xadimlərindən Xalq artisti, professor Səid Rüstəmov və Xalq artisti, muğam sərrafı Əhməd Bakıxanovdan ixtisas dərsləri almışdır. Tələbəsinin istedadını yüksək qiymətləndirən Səid Rüstəmov ona böyük etimad göstərərək, bədii rəhbəri və baş dirijoru olduğu əməkdar kollektivə - Xalq çalğı alətləri orkestrinə solist işləməyə dəvət edir. İşlədiyi peşəkar kollektiv bu gənc tələbə üçün əsl sənət məktəbinə çevrilir. On il bu görkəmli kollektivdə çalışması, Səid Rüstəmov, Əhsən Dadaşov, Adil Gəray, Baba Salahov, Bəhruz Zeynalov və bir çox təcrübəli sənətçilərlə birlikdə işləməsi onun peşəkar musiqiçi kimi püxtələməsinə, ciddi sənət meyarlarına yiyələnməsinə, ifaçı kimi yetişməsinə müsbət təsir göstərir. 1958-ci ildə Dövlət Konservatoriyasına daxil olur. Azərbaycan Dövlət Konservatoriyasının nəzdində yeni kafedra – Azərbaycan xalq musiqisi kafedrası- açılır. Bu kafedra iki bölmədən ibarət idi: Xalq musiqisi nəzəriyyəsi və tarixi və Xalq çalğı alətləri orkestrinin dirijorluq sinifləri. Oqtay Quliyev dirijorluq sinfini seçir. O vaxtlar bu sənət sahəsində oxuyanlar I və II kurslarda xalq çalğı alətləri ixtisası üzrə təhsil alır, III kursdan başlayaraq dirijorluq ixtisasına yiyələnirdilər. Bu səbəbdən Oqtay Quliyev əvvəl Səid Rüstəmovun tar ixtisası sinfində iki il təhsil alır, sonrakı illərdə dirijorluq sahəsində püxtələşir və həmin sinifi müvəffəqiyyətlə bitirir. Səid Rüstəmov və Süleyman Ələsgərov kimi görkəmli sənətkar və pedaqoqlardan ixtisas təhsili alır. Oqtay Quliyev dirijorluq sinfinin ilk yetirmələrindən idi. İfaçılıq yolunda addımlarını daha yeni uğurlarla davam etdirir. Oqtay Quliyev Azərbaycan xalq çalğı alətləri orkestrinin tarixinin ilk tədqiqatçısıdır. O bu işlə bir neçə il məşğul olmuş, «Azərbaycan xalq çalğı alətləri orkestri» mövzusunda dissertasiyasını Tiflisdə müdafiə etmiş və sənətşünaslıq namizədi alimlik dərəcəsini almışdır. Sonra isə onun bu mövzuda Bakıda, "İşıq" nəşriyyatında monoqrafiyası çap olunmuşdur.[2]
Sənət yolu
redaktəOqtay Quliyev hələ gənc yaşlarından tarzən kimi tanınmışdı. İştirak etdiyi ilk müsabiqə 1956-cı ildə Bakıda keçirilən Birinci Musiqi Festivalı olur. Öz məharətli ifası ilə festivalın qızıl medalına və laureatı adına layiq görülür. 1957-ci ildə Moskvada Sovet Gənclərinin Birinci Ümumittifaq Festivalında iştirak edən O. Quliyev bu çətin sınaqdan da uğurla çıxır: festivalın qızıl medalına, birinci dərəcəli diplomuna layiq görülərək, laureat adını qazanır. Bununla da Oqtay Quliyev Azərbaycanlı ifaçı kimi Ümumittifaq miqyasda tanındı. Müsabiqədə xalq çalğı alətləri üzrə keçmiş SSRİ-nin bütün respublikalarından seçilmiş ifaçılar Moskvaya gəlib öz sənətlərini nümayiş etdirmişlər, görkəmli mütəxəssislərdən ibarət münsiflər heyəti hər bir ifaçıya yüksək tələblər və meyarla yanaşmış və nəticədə təkcə O.Quliyev qızıl medala layiq görülmüşdü. Həmin festivalın qızıl medalını alması və laureat adını qazanması O.Quliyevə daha çətin və nüfuzlu müsabiqədə iştirak etmək hüququ verir. Belə ki, 1957-ci ildə Dünya Gənclərinin 6-cı Ümumdünya Festivalında Azərbaycan tarını məharətlə səsləndirən O.Quliyev bu dəfə beynəlxalq müsabiqə laureatı adına layiq görülür. Azərbaycan musiqisini uğurla təmsil etdiyi üçün 19 yaşlı gənc ifaçı Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunur. Bütün bu qələbələri ilə O. Quliyev Azərbaycan milli musiqi ifaçılığında yeni səhifələr açır, Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri siyahısına öz adını da daxil edir. O. Quliyev SSRİ və Ümumdünya miqyaslı musiqi festivallarında iştirak edən və yüksək qələbə qazanaraq, qızıl medala, beynəlxalq festival laureatı adına layiq görülən ilk tar ifaçısıdır. O. Quliyev rus və Avropa klassik musiqisini milli alətdə məharətlə ifa edən, tarın geniş texniki və bədii ifa imkanlarını aşkar edən, solo tar ifaçılığını müasir səviyyəyə qaldıran ilk peşəkar tarzəndir.
Hindistandakı konserti
redaktəHələ tələbə olarkən 1960-cı ildə Hindistan Gənclər Federasiyasının dəvəti ilə Lütfiyar İmanovla birlikdə bu ölkəyə dəvət alır. 36 gün ərzində Hindistanın on beş ştatında solo konsertlər verir, Hindistan ictimaiyyətini Azərbaycan tarı, muğamları və bəstəkar əsərləri ilə tanış edir. Beləliklə, bu səfəri ilə O. Quliyevin adı Azərbaycan tarı ilə xaricə qastrola gedən ilk tar ifaçısı kimi tarixə düşür.[2]
Pedaqoji fəaliyyəti
redaktə1963-cü ildə konservatoriyanı müvəffəqiyyətlə bitirən O. Quliyev ömrünü pedaqoji fəaliyyətə həsr edir. 1969-cu ildən konservatriyada işləməyə dəvət alır. Xalq çalğı alətləri kafedrasında təcrübəli pedaqoqlarla bir yerdə işləyərək, tarı tədris edir, ifaçı və müəllim kadrların yetişdirilməsi işində uğurla çalışır. Hal-hazırda o, respublikamızda ən bacarıqlı və qabaqcıl musiqi pedaqoqlarından, metodist-müəllimlərdən biri kimi tanınır. Tar tədrisi üzrə yazdığı metodik tövsiyələr, proqramlar, tərtib etdiyi not məcmuələri qiymətli vəsait kimi istifadə olunurlar. O, tədris repertuarının təkmilləşməsi və zənginləşməsi qayğısına qalaraq, Azərbaycan, rus və Avropa musiqi ədəbiyyatlarından çoxlu sayda nümunələri tar ilə fortepiano üçün işləmiş, tədris üçün pyeslər məcmuələri nəşr etdirmişdir. Daha bir xidməti isə S. Rüstəmovun tar və kamança üçün "Melodik etüdlər"inin, bəstəkarlarımızın tar üçün konsert və pyeslərinin, müəllimlərin metodik vəsaitlərinin nəşrində ixtisas redaktoru kimi yaxından iştirak etməsidir. Xüsusilə, S. Hacıyevlə birlikdə yazdığı "Tar üçün pyeslər məcmuəsi" uşaq musiqi məktəblərində repertuar boşluğunu aradan qaldıraraq, öz aktuallığını bu gün də saxlamışdır. Məlum olduğu kimi, 1970-ci illərdə Moskvada ümumittifaq "Melodiya" səsyazma şirkəti tərəfindən "Muğam məktəbi" seriyasından iki val buraxılmışdır. Vallara Əhməd Bakıxanovla yanaşı, onun istedadlı tələbəsi Oqtay Quliyevin ifasında "Şur", "Segah", "Çahargah", "Şahnaz", "Bayatı-kürd", "Heyratı" muğamları yazılmışdır. Bu ifalar uşaq, orta ixtisas musiqi məktəblərində, musiqi texnikumlarında muğamların əvəzsiz tədris vəsaiti kimi, öyrədici nümunələr kimi uzun illər istifadə olunmaqdadır. 1986-cı ildə Bakıda ilk dəfə xalq çalğı alətləri ifaçılarının Ü. Hacıbəyov adına SSRİ miqyaslı müsabiqəsi keçirilir. Oqtay Quliyevin altı tələbəsi - İlqar İmamverdiyev, Malik Mansurov, Zeynalabdın Babayev, İlham Bədəlov, Vahid Məmmədov, Fətəli Bağırov tarixə düşmüş bu müsabiqədə birinci, ikinci mükafatları qazanırlar. O.Quliyev tar ifaçılığı və pedaqogikası sahəsində peşəkar kadrların və mütəxəssislərin yetişdirilməsində uzun illər çalışaraq, bu yolda musiqi mədəniyyətimiz üçün layiqli xidmətlər göstərmiş, özünün pedaqoji-ifaçılıq məktəbini yaratmışdır. Dövlət Konservatoriyasının xalq çalğı alətləri kafedrasında müəllim işləyən O. Quliyev bu kafedranın professoru vəzifəsinə qədər yüksəlmişdir. Respublikada peşəkar tar ifaçıları və müəllimlərindən ilk dissertasiya müdafiə edən məhz O.Quliyev olmuşdur. O, yaxşı mütəxəssis kimi Türkiyəyə dəvət olunmuş, 1994-2003-cü illərdə Trabzonun məşhur Qara Dəniz Texniki Universitetində professor vəzifəsində çalışmışdır. Burada musiqi fakultəsində ilk dəfə tar sinfi açmış, peşəkar tar ifaçıları yetişdirmiş, Azərbaycan tarının bu ölkədə geniş tədrisinə nail olmuşdur. Türkiyə mətbuatında haqqında yazılan rəy və məqalələrdə onun fəaliyyəti yüksək qiymətləndirilmiş, rektorluq tərəfindən dəfələrlə mükafatlandırılmışdır.
Haqqında deyilənlər
redaktəMilli Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi yazır:
"Oqtay Quliyev həyatını olduqca nəcib, humanist və xalqımız üçün çox gərəkli bir işə həsr etmişdir: musiqi ifaçılığı, müəllimlik, təhsil, elm... Qırx ildən artıq dövrü əhatə edən bu geniş və çoxşaxəli fəaliyyəti ilə professor O. Quliyev istər Azərbaycan ifaçılıq sənətinin, istər tar tədrisinin və ümumilikdə musiqi təhsilinin inkişafına, istərsə də ifaçılıq tarixinin elmi tədqiqinə layiqli töhfələr vermişdir." |
Oqtay Quliyevin uğurlarına ən çox Səid Rüstəmov sevinirdi. O, mətbuat səhifələrində öz yetirməsi haqqında belə yazırdı:[1]
"Gənc tarzən Oqtay Quliyevin maraqlı proqramla çıxış etməsi özünün yüksək istedad sahibi olduğunu göstərməklə yanaşı, həm də xalqımızın qədim musiqi aləti olan tarın olduqca kütləviləşdiyini bir daha sübut etdi. O, münsiflər heyəti qarşısında «Orta Mahur», H.Xanməmmədovun «Konsert»ini, Ü.Hacıbəyovun «Koroğlu» operasından rəqsi çaldıqdan sonra Qlinkanın «İvan Susanin» operasından valsı ifa etdi. Elə münsiflər heyətini də valeh edən bu klassik əsərin xalq musiqi alətində gözəl səslənməsi idi." |
Tanınmış moskvalı yazıçı-publisist V. Ardamatski festivalın qaliblərinə həsr etdiyi "Beş ləçək" kitabında Azərbaycandan olan gənc tar ifaçısının istedadını xüsusi qiymətləndirir:
"O. Quliyev qədim musiqi aləti olan tarın nəyə qadir olduğunu nümayiş etdirdi. Münsiflər heyətinin xarici ölkələrdən olan nümayəndələri gənc sovet musiqiçisinin sinəsində dil açan tara, onu dilləndirən bu bəstəboy oğlanın məharətinə heyran qalmışdılar. Oqtay "Orta mahur", "cahargah" muğamları ilə yanaşı, M. Qlinkanın "İvan Susanin" operasından ayrı-ayrı parçaları tarda məharətlə dilləndirəndə dinləyicilərin, eləcə də tələbkar münsiflərin üzvlərinin heyrəti bir az da artdı. Tarzən bunu duyurmuş kimi daha da coşur, bəlkə də indiyədək professionalların imkansız musiqi aləti hesab etdiyi tarda istənilən mürəkkəb əsəri bütün incəliklərinə qədər çalmağın mümkün olduğunu əyani şəkildə sübuta yetirirdi." |
Sələfləri
redaktəKitabı
redaktə- Tələbələr mahnısı[3]
Mükafatları
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "GÖRKƏMLI TARZƏN, PEDAQOQ, ALIM". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-18.
- ↑ 1 2 "Şərəfli ömür yolu Oqtay Quliyev-70". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-18.
- ↑ "Tələbələr mahnısı, fortepiano ilə oxumaq üçün. Quliyev O." 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-18.