Azərbaycanda dövlət çevrilişinə cəhd (1995)

(Mart hadisələri (1995) səhifəsindən yönləndirilmişdir)

1995 Azərbaycanda hərbi çevrilişə cəhd — 1995-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadov rəhbərliyində Azərbaycan hərbçiləri tərəfindən edilən hərbi çevriliş cəhdidir. Məqsəd prezident Heydər Əliyevdən ölkə hakimiyyətini almaq və əvvəlki prezident Əbülfəz Elçibəyi hakimiyyətə gətirmək idi. Türkiyə prezidenti Süleyman Dəmirəl Türkiyədə çevrilişi dəstəkləyən ünsürlərdən xəbərdar olanda xəbərdar etmək üçün Əliyevə zəng elədi.[7] 17 mart 1995-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və hücum edərək Cavadovu öldürdü. 1996-cı il Susurluq qəzasından sonra Türkiyədə ortaya çıxan məlumatlar bəzi Türkiyə kəşfiyyatçılarının çevrilişi dəstəklədiyini və rol oynadığını üzə çıxardı.[7]

1995 Azərbaycanda hərbi çevrilişə cəhd
Tarix 13–17 mart 1995[1][2]
Yeri Azərbaycan
Nəticəsi Uğursuzluq
• Rövşən Cavadov öldürüldü.
OMON ləğv edildi
• Azərbaycanda Boz qurdlar təşkilatının fəaliyyəti qadağan edildi
Münaqişə tərəfləri

OMON
Dəstəkləyənlər:
Boz qurdlar (MHP)[3]
Türkiyə Kəşfiyyatı

Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Silahlı Qüvvələri

Komandan(lar)

Rövşən Cavadov
Mahir Cavadov
Elçin Əmiraslanov
Dəstəkləyənlər:
Tansu Çiller

Heydər Əliyev
Səfər Əbiyev
Ramil Usubov
Dəstəkləyənlər: Süleyman Dəmirəl

Tərəflərin qüvvəsi

500 nəfər[4]/700 nəfər XTPD üzvü[5]

Naməlum

İtkilər

11 XTPD qulluqçusu həlak olmuş,[4] 710 nəfər həbs edilmişdir[6]

27 hərbi qulluqçu həlak olmuşdur[4]

Ümumi itkilər
7 mülki şəxs həlak olmuş, 117 nəfər yaralanmışdır[4]

1990 -cı ilin avqustunda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Daxili İşlər Nazirliyinə tabe olan Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON) yaradıldı.[8] 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra bu birlik Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) adlandırıldı. XTPD ilk dəfə 1994-cü ilin oktyabr ayında dövlət çevrilişinə cəhd hadisələrində iştirak etmişdi. Lakin sonradan XTPD Heydər Əliyevə dəstək göstərdiyi üçün birləşmə ləğv edilmədi, qiyamın digər rəhbəri Surət Hüseynov isə baş nazir postundan istefaya göndərilərək həbs edildi. Buna baxmayaraq XTPD dövlətin birbaşa nəzarətində olmayan silahlı birlik olaraq qalmağa davam edirdi. Həmin dövrdə parlamentin spikeri olan Rəsul Quliyev hökumət üzvlərinin 90%-nin XTPD-dən və onun rəhbəri Cavadov qardaşlarından fiziki olaraq qorxduğunu qeyd edirdi. Onun fikrincə R.Cavadov "çox sadəlövh, bir qədər də fantaziyalarla yaşayan" adam idi və böyük qardaşı M.Cavadov onu manipulyasiya edirdi. M.Cavadov kiçik qardaşını Azərbaycan xalqının xilaskarı olduğuna inandıra bilmişdi.[9]

12 dekabr 1994-cü ildə Korkut Eken (Türkiyənin Milli Kəşfiyyat Təşkilatı), İbrahim Şahin və Ayxan Çarxın (Türkiyənin Özəl Hərəkat Dairəsi Başkanlığı) və Abdullah Çatlının daxil olduğu qrup Türkiyədən Azərbaycana gəldi. Onların məqsədi 60 OMON polis məmurunu çevriliş üçün hazırlamaq idi. Onlar OMON komandiri Rövşən Cavadov tərəfindən dəvət edilmişdilər.[7][10] Rusiya Federal Təhlükəsizlik XidmətiABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi hadisələri izləyirdi.[11]

Rövşən Cavadov Heydər Əliyevin hakimiyyətə gəlməsində çox böyük rol oynamışdı, üstəlik bir müddət şəxsən özü XTPD üzvləri ilə birlikdə H.Əliyevi qoruyurdu. Lakin sonradan onların arasındakı ziddiyyətlər artmağa başladı. 1995-ci il martın 13-də xarici səfərdən qayıdan H.Əliyev Pakistana səfərə hazırlaşsa da, Türkiyə prezidenti Süleyman Dəmirəl ona Azərbaycanda Cavadov qardaşlarının çevriliş etməyə hazırlaşdığı xəbərini ötürməsindən sonra səfərini ləğv etdi.[12]

Ümumiyyətlə, Azərbaycanda mövcud olan klan hakimiyyəti ölkədə müxtəlif klanlar arasında çəkişmələr və silahlı çevrilişlər üçün münbit şərait yaratmışdı. Birinci Qarabağ müharibəsindəki məğlubiyyət və iqtisadiyyatın ağır vəziyyəti isə ölkənin vəziyyətini daha da pisləşdirirdi.[13] Bundan başqa eks-prezident Ayaz Mütəllibov, keçmiş müdafiə naziri Rəhim Qazıyev və keçmiş baş nazir Surət Hüseynova sadiq qüvvələr də ölkənin kövrək vəziyyətindən sui-istifadə etməyə çalışırdılar.[14]

Hadisələr

redaktə
 
Rövşən və Mahir Cavadov Qarabağ müharibəsi vaxtı XTPD döyüşçüləri ilə birlikdə. 1990-cı illərin əvvəlləri.

Qazax-Ağstafa zonasında

redaktə

12 mart 1995-ci ildə Azərbaycanın hüquq-mühafizə orqanlarına Tovuz bölgəsinin ərazisində, Gürcüstana doğru gedən yolda Dövlət Yol Polisi (DYP) işçilərinin dayanma tələblərinə baxmayaraq, içərisində silahlı adamlar olan 4 avtomobilin DYP postunun yanından keçməsi barədə məlumat daxil oldu. Hüquq-mühafizə orqanları XTPD zabitlərinin müşayiəti ilə içərisində 150 ton mis daşınan avtomobilləri saxlaya bilib.[15] Buna cavab olaraq Qazax rayonu XTPD üzvləri və onlara qoşulmuş silahlı mülki şəxslər Qazax şəhər polis idarəsini və bir hərbi hissəni ələ keçirdilər, burada bir neçə zirehli texnikanı ələ keçirərək Ağstafa rayonuna doğru hərəkət etdi. Onlar səhər saat 4:40-da, Ağstafa yaxınlığında yol polisi postuna atəş açdılar, sonra onu tutaraq tərksilah etdilər. Şəhər istiqamətində hərəkətə davam edən qiyamçılar saat 5:20-də şəhər polis idarəsinə hücuma keçdilər və səhər 6.30-da XTPD üzvləri Ağstafa Polis Şöbəsini ələ keçirərək tərksilah etdilər. Daha sonra onlar Tovuz bölgəsindəki hərbçilərə hücum etmək istəsələr də məğlub olaraq geri çəkildilər. Martın 15-də hökumət qüvvələri Ağstafa bölgəsindəki OPON mövqelərinə hücum etdilər və qiyamçıları Ağstafa rayonundan çıxardılar. TURAN agentliyinin məlumatına görə, döyüş zamanı hökumət qüvvələri Qrad qurğularından istifadə edib. Məğlub olan qiyamçıların bir hissəsi Gürcüstana qaçdı.[13]

Bakıda

redaktə

Martın 14-də Azərbaycanın daxili işlər naziri Ramil Usubovun XTPD-nin ləğv edilməsi ilə bağlı əmri televiziyada elan etdi. Bu qərar XTPD-nin "demək olar ki, idarə olunmayan bir vahid halına gəlməsi, nazirliyin tabeliyindən tamamilə çıxması və kriminal aləmlə işbirliyi qurması" səbəbiylə qəbul edilmişdi. XTPD komandiri Rövşən Cavadova və döyüşçülərinə, 17 Mart 00:00-a qədər üç gün ərzində dəstədəki bütün texniki vasitələri və silahları təhvil vermə əmri verildi. Əmrə görə, silahı könüllü təhvil verənlər törətdikləri əməllərə görə cəzalandırılmayacaq və DİN sistemində müvafiq işlə təmin ediləcəkdilər. Lakin XTPD-nin başçısı Rövşən Cavadov Xətai rayonunun o vaxtkı prokuroru, qardaşı Mahir Cavadovla birlikdə dövlət başçısı qarşısında müəyyən şərtlər qoydular.[16] Həmin gün axşam saatlarında tərəfdarları ilə birlikdə Bakının “8-ci kilometr” yaşayış massivindəki XTPD bazasında məskunlaşan Rövşən Cavadov prezident H.Əliyevin, Milli Məclisin sədri Rəsul Quliyevin və DİN rəhbəri Ramil Usubovun istefasını tələb edib, XTPD-nin vətəndaş müharibəsindən qorxmadığını deyib. Cavadov həmçinin Azərbaycanın Ermənistanla müharibə şəraitində olduğunu bəhanə edərək XTPD-nin buraxılmayacağını bildirib.

R.Cavadov mövcud hakimiyyəti devirdikdən sonra Dövlət Şurası yaratmaqla ölkəni idarə etməyi planlaşdırırdı. Həmin Dövlət Şurasına keçmiş prezident Ayaz Mütəllibov, həmçinin Cahangir Müslümzadə, Fərman Dəmirqol daxil olacaq, Rövşən Cavadov isə Şuranın sədri vəzifəsini icra edəcəkdi. Əgər razılıq versə keçmiş prezident Əbülfəz Elçibəy də Şuraya üzv olacaq. Elçibəy cavabında Mütəllibovun da olduğu Dövlət Şurasına üzv olmayacağını deyib. Son məqamda Elçibəy qiyamçıları dəstəkləmədi və hətta AXC-nin yerli şöbələrinə mitinqlərin keçirilməməsi barədə göstəriş verdi.[17]

Əvəzində H.Əliyev dövlət televiziyası ilə çıxış edərək dövlət çevrilişinə cəhd olduğunu, ölkədə vətəndaş müharibəsinin yaranması təhlükəsinin olduğunu deyib. H.Əliyev Cavadov qardaşlarının hərəkətlərini "dövlətə və xalqa qarşı cinayət" adlandırıb.[13]

Martın 16-dan 17-nə keçən gecə XTPD qüvvələri ilə hökumət qoşunları arasında silahlı toqquşma olub. Rəsmi versiyaya görə, gecə saat 2-də döyüşlərə ilk olaraq XTPD zabitləri başlayıb, lakin üsyançıların dediyinə görə, ilk atəşi hökumət qoşunları açıb. Üsyançı polislər yaxınlıqdakı məktəb binalarını, uşaq bağçasını, yaşayış binalarının damını ələ keçirərək Neftçilər stansiyasına tərəf irəliləməyə cəhd göstərsələr də, Müdafiə Nazirliyinin komendant postları tərəfindən onların qarşısı alınıb. Səhər saat 4-də general-leytenant Nəcməddin Sadıqovun rəhbərliyi altında şəhərdən postlara kömək üçün əlavə qüvvələr gəlib. Ertəsi gün Prezident Heydər Əliyev XTPD komandiri Rövşən Cavadovu daxili işlər nazirinin müavini vəzifəsindən azad etdi.[13] Şiddətli döyüş zamanı XTPD qüvvələri öz bazalarının ərazisinə geri sıxışdırıldı, onun ətrafında şiddətli döyüşlər getdi. Ölümcül yaralanan Rövşən Cavadov arteriyasına dəyən güllənin verdiyi qanaxmadan xəstəxanada dünyasını dəyişdi. Nəhayət, saat 11:30-da XTPD üzvləri ağ bayraq qaldırsalar da, atəş daha on dəqiqə davam edib və hökumət qoşunlarının qələbəsi ilə başa çatıb.[18]

Dəstəklər

redaktə
Türkiyə Prezidenti Süleyman Dəmirəl (solda), Türkiyə Baş naziri Tansu Çillər (sağda).

1996-cı il Milli Kəşfiyyat Təşkilatı məlumatlarına görə Türkiyənin baş naziri Tansu Çillər nazir Ayvaz Gökdemir, polis müdiri Mehmet Ağar, İbrahim Şahin və Korkut Ekenə Elçibəyi prezident etmək üçün yaşıl işıq yandırmışdı.[11][19] Elçibəy Türkiyənin Milliyətçi Hərəkat Partiyasının lideri Alparslan Türkeşin ideoloji müttəfiqi idi. Alparslan Türkeş Qafqaza qədər uzanan bir türk dövləti yaratmaq arzusunda idi. Türkeşin çevrilişə verdiyi dəstək Türkiyə və Azərbaycan arasında diplomatik böhrana səbəb oldu. Azərbaycan dövlət çevrilişi cəhdi ilə bağlı məruzə hissəsinin təkzib edilməsi barədə bəyanat tələb etdi.[20]

1996-cı il Susurluq Qəzasından sonra Türkiyədə ortaya çıxan məlumatlar göstərir ki, baş nazir Tansu Çillərin baş məsləhətçiləri Acar Okan və Süleyman Kamil Yüceoral çevriliş cəhdi ilə əlaqədar idilər. Susurluq Kommissiyası üzvü Fikri Sağlara görə Türkiyənin məqsədi Əfqanıstandan başlayan narkotika marşrutunu qorumaq idi. Sağlar qeyd edir ki, Yüceoral Əfqanıstanda general Əbdül Rəşid Dostuma pul ödəyib.[20] Türkiyə mətbuatına görə, çevriliş cəhdinə Əbülfəz Elçibəyi yenidən hakimiyyətə gətirmək üçün Türkiyə Baş naziri Tansu Çillər tərəfindən dəstək verilmişdi.[21] Bu iddialar səbəbilə Çillər özü Bakıya gələrək Əliyevdən Türkiyədəki sağçı qüvvələrə görə üzr istəmişdi, lakin Əliyev özü 1998-ci ildə Türkiyə mətbuatına verdiyi müsahibədə Çilləri bu hadisələrdə iştirak etməkdə günahlandırmışdır.[22]

Sonrakı məlumatlar iddia edir ki, Veli Küçükün üzvü olması ehtimal edilən Ergenekon bu çevrilişdən məsul idi. Bu da Susurluq ilə Ergenekon arasındakı əlaqəni göstərir.[23] Həmin dövrdə Azərbaycanın baş prokuroru işləmiş Eldar Həsənov 2021-ci ildə məhkəmədə dindirilərkən 1995-ci il çevriliş cəhdində Türkiyənin iştirakı ilə bağlı aşağıdakı sözləri deyib:[24]

1995-ci ildə dövlət çevrilişinə cəhd ittihamıyla iki nəfər türk saxlanmışdı. Onlardan biri Türkiyə, digəri isə Avstriya vətəndaşı idi. Həmin vaxt prezident olan Heydər Əliyev baş prokuror kimi mənə və Ali Məhkəmənin sədri Xanlar Hacıyevə deyib ki, onların türk olması qabardılmasın. Dedi ki, biz hamımız gəldi-gedərik, amma bu iş uzun illər arxivdə qalacaq. Sabah türk adına xələl gəlməsin. Türkiyə vətəndaşı bütün Türkiyə deyil, bütün türk xalqı deyil. Biz 11 gün işlədik, onu təmizlədik, bu gün arxivlərdə qalan materiallarda iz buraxmadıq.

Milli Məclisin eks-spikeri Rəsul Quliyev Türkiyənin Əsrin Müqaviləsinin şərtlərindən narazı olduğu və Azərbaycandakı neft müqavilələrindən özünə daha çox pay qopartmaq üçün üçün Azərbaycanda dövlət çevrilişinə cəhd etdiyini bildirib.[25] Türkiyənin bu hadisələrdə iştirakı nə Azərbaycan, nə də Türkiyə hökuməti tərəfindən nə tam araşdırılmış, nə də açıq şəkildə etiraf edilmişdir.[21] Bu hadisələr Azərbaycan–Türkiyə münasibətlərində böhrana səbəb olmuş, münasibətləri kökündən sarsıtmışdı. Yalnız Əliyevlə Dəmirəl arasındakı şəxsi münasibətlər və Dəmirəlin çevrilişlə bağlı Əliyevə xəbərdarlıq etməsi iki ölkə arasında münasibətlərin kəskin qırılmasının qarşısını almışdı.[22] Odur ki, Dəmirəl və Əliyev sonradan öz yaxın münasibətlərini bərpa etmişdi, Əliyev isə Türkiyə siyasətinə əvvəlkindən daha çox təsir etməyə başlamışdı.[26] Həm Rusiyadan, həm də Türkiyədən dəstəklənən üsyançılarla üzləşən Əliyev çətin anlarda müraciət edə biləcəyi üçüncü tərəf axtarmış və Qərbə, xüsusən də ABŞ-yə yaxınlaşmağa başlamışdır.[27]

Nəticəsi

redaktə

Qiyam nəticəsində rəsmi məlumatlara görə təxminən 40 nəfər həlak olub. Qeyri-rəsmi məlumatlarda ölənlərin sayının 100 nəfər olduğu deyilir. Sonrakı proseslərdə 710 XTPD qulluqçusu və tərəfdarı dövlət çevrilişi cəhdində iştirak ittihamı ilə həbs edilmişdir.[4] Onlardan 207-si günahsız hesab edilərək azadlığa buraxılmış, dövlət çevrilişinə cəhddə iştirak etməyən 75 fərariyə amnistiya verilmiş, 7-si isə şərti cəza almışdır. 407 nəfər məhkum edilmişdir; onlardan 373 nəfəri azadlıqdan məhrum edilmiş, 2 nəfəri isə ölüm hökmü almışdır.[28] Heydər Əliyev bu dövlət çevrilişinə cəhdi də yatırtmışdı.[29][30] Çevriliş cəhdindən sonra XTPD tamamilə ləğv edilmişdir.[31] 1995-ci ilin sonlarında Əliyev etibar etmədiyi təhlükəsizlik işçilərini həbs etdirmişdir. Bu əməlləri pisləyən müxalif partiyalara təzyiq və zərərsizləşdirmə prosesi davam etmişdir.[32]

Bu, Azərbaycanda yarımhərbi birləşmələrin iştirak etdiyi sonuncu açıq döyüşlər idi və dövlət səviyyəsində şiddətli toqquşmaların tarixində dönüş nöqtəsi olmuşdur.[33] Bu çevriliş cəhdinin kölgəli tərəfdarları heç vaxt müəyyən edilməmişdir.[34] Güman edilir ki, onların arasında Türkiyə Daxili İşlər Nazirliyinin elementləri, eləcə də kəşfiyyat orqanlarının məmurları və "bozqurd" hərəkatının üzvləri də var idi.[34][21] Həmin il sentyabrın 19-da Azərbaycanın keçmiş xarici işlər naziri, qiyam zamanı Milli Məclisin deputatı olan Tofiq Qasımov qiyamın arxasında duran əsas ideoloji rəhbər olması ittihamı ilə həbs edildi.[35]

Rövşən Cavadovun qardaşı, qiyamın əsas rəhbərlərindən olan Mahir Cavadov Avstriyaya köçmüşdür,[36] lakin sonradan İran hökuməti tərəfindən ona sığınacaq verilmişdir.[37]

Videoqrafiya

redaktə
  • "Rovsen Cavadov - 1" (az.) və  (rus.)). YouTube. 2011-07-03. İstifadə tarixi: 2015-01-17.
  • "Rovsen Cavadov - 2" (az.) və  (rus.)). YouTube. 2011-07-03. İstifadə tarixi: 2015-01-17.
  • ANS TV, Heç kim və heç nə unudulmayacaq — "OMON qiyamı", 1995-03-17, YouTube-da izlə
  • ANS TV, Dərs — "1994-ün oktyabr hadisələri", 1995-10-04, YouTube-da izlə
  • ANS TV, Ən Yeni Tarix — "Mart hadisələri", 2000-03-18, YouTube-da izlə
  • ANS TV, Ən Yeni Tarix — "1994-cü il oktyabr hadisələri", YouTube-da izlə
  • Azadlıq Radiosu, Kontext — "Rövşən Cavadov və OМON hadisələri haqda detallar", 15 mart 2012, YouTube-da izlə
  • Meydan TV, Sevinc Osmanqızı ilə — "Qiyam — Rövşən Cavadov Heydər Əliyevə qarşı", 25 mart 2017, YouTube-da izlə

İstinadlar

redaktə
  1. de Waal, 2003. səh. 295
  2. (HRFT 1998, С. 48)
  3. de Waal, 2003. səh. 252
  4. 1 2 3 4 5 Yunus, 2003. səh. 15
  5. Los Angeles Times, 18 March 1995, Azerbaijan Coup Attempt Crushed Caucasus: Loyal forces storm a building and overcome mutinous police units, president reports. Arxivləşdirilib 2013-07-18 at Archive.today
  6. "Report on fact-finding mission til Azerbaijan Former OPON forces in Azerbaijan, etc. 27 Januar to 1 Februar 2002" (PDF). Danimarka İmmiqrasiya Xidməti (ingilis). 1 fevral 2022. 2022-08-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 avqust 2022.
  7. 1 2 3 "Darbede kilit isimler" (türk.)). hurriyet.com.tr. 1998-02-17. 2017-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04.
  8. "Niyə Azərbaycanda Qanunsuz Silahlı Birləşmələr Yoxdur?" (rus). Jurnal «Vlast». 20.05.1991.
  9. "Rəsul Quliyev: "Tansu Çillər Azərbaycanda dövlət çevrilişi planlaşdırmışdı"". musavat.com. İstifadə tarixi: 28 dekabr 2024.
  10. "Bu oyunun adı üç maymunlar". Yorum (türk.)). Radikal. 1998-06-25. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-12-29. KGB'nin adamıyken CIA'ya kayan ve çok taraflı çalışmalarıyla dikkat çeken Ruşen Cevadov'a Azerbaycan'da darbe yaptırılmasına kalkışmaktır.
  11. 1 2 (HRFT 1998, С. 49)
  12. "Rəsul Quliyev: «Hökumətdə olanların 90 faizi Cavadov qardaşlarından qorxurdu»". 2021-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-29.
  13. 1 2 3 4 "Azərbaycanda vəziyyət". www.kommersant.ru (rus). 17 mart 1995. 2020-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2021.
  14. Bovt, Georgi. "Azərbaycanda Vəziyyət". www.kommersant.ru (rus). 18 mart 1995. 2024-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2024.
  15. Andrey, Smirnov. "Əlvan metallar üsyan üçün əsas kimi". www.kommersant.ru (rus). 15 mart 1995. 2020-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2021.
  16. "1995-ci ilin mart hadisələri". Sia.az (az.). 15 mart 2018. 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2021.
  17. Axundova, Elmira. "Yalanın tarixi". www.anl.az. İstifadə tarixi: 26 dekabr 2024.
  18. Los Angeles Times, 18 March 1995, Azerbaijan Coup Attempt Crushed Caucasus: Loyal forces storm a building and overcome mutinous police units, president reports. Arxivləşdirilib 2013-07-18 at Archive.today
  19. Savumlu, Serpil; Doğan, Şahin. "Susurluk'tan 10 yıl sonra". Gündem. Evrensel (Turkish). 2006-11-04. 2009-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-12-23.
  20. 1 2 (HRFT 1998, С. 50)
  21. 1 2 3 Çeteryan, 2015. səh. 165
  22. 1 2 Kornell, 2015. səh. 372
  23. "Report: Garih's execution warrant issued in 1995". Today's Zaman. 2008-12-17. 2013-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-12-26. This was at a time when the Ergenekon organization was trying to overthrow late Azerbaijani President Haydar Aliyev and reinstate Elçibey, who was ousted in 1993 in a coup d'état.
  24. "Eldar Həsənov: 'Mənə nə cəza istəyirsiniz, verin, amma o iki ünvana ləkə gətirməyin'". 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-07.
  25. "Keçmiş spiker: "Heydər Əliyevin yerinə Cavadov qardaşları gəlsəydi, bu, Azərbaycanın ən böyük fəlakəti olardı, ölkə müstəqilliyini itirə bilərdi" » Tərəf - XOCANIN BLOGU". Tərəf - XOCANIN BLOGU (ingilis). İstifadə tarixi: 26 dekabr 2024.
  26. Remler, 2016. səh. 64
  27. Qolts, 1998. səh. 452
  28. "Report on fact-finding mission til Azerbaijan Former OPON forces in Azerbaijan, etc. 27 Januar to 1 Februar 2002" (PDF). Danimarka İmmiqrasiya Xidməti (ingilis). 1 fevral 2022. 2022-08-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 avqust 2022.
  29. Qolts, 1998. səh. 24
  30. Kornell, 2015. səh. 87
  31. "Azerbaijan Report: March 18, 2003" [Azərbaycan hesabatı: 18 mart 2003-cü il]. Azadlıq Radiosu (ingilis). 18 mart 2003. 27 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2022.
  32. Horovits, 2005. səh. 68
  33. Kornell, 2015. səh. 167
  34. 1 2 de Vaal, 2013. səh. 263
  35. "Tofiq Qasimov: a possible prisoner of conscience" (PDF). www.amnesty.org. 2024-12-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 13 dekabr 2024.
  36. Hacızadə, Asiya. "Суета вокруг Джавадова" [Cavadovun ətrafındakı təlaş]. Независимая газета (rus). 4 sentyabr 1999. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2022.
  37. Kornell, 2015. səh. 144

Ədəbiyyat

redaktə

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə