Hüseynqulu Sarabski

Hüseynqulu Sarabski (tam adı: Rzayev Hüseynqulu Məlik oğlu; 20 mart 1879, Bakı16 fevral 1945, Bakı — Azərbaycan opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti (1932), Azərbaycan peşəkar musiqi teatrının banilərindən biri. 1908-ci ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti, Məcnun ("Leyli və Məcnun"), Şeyx Sənan ("Şeyx Sənan"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şah İsmayıl ("Şah İsmayıl") və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur.O həm də 1908-ci ilin 25 yanvarında "Leyli və Məcnun" operasında Məcnun rolunda oynayıb.

Hüseynqulu Sarabski
Hüseynqulu Məlik oğlu Sarabski
Ümumi məlumatlar
Doğum adı Hüseynqulu Rzayev
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi qida borusu xərçəngi[d]
Dəfn yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, aktyor, rejissor, pedaqoq, teatr xadimi
Fəaliyyət illəri 1902–1945
Janr opera
Musiqi alətləri tar
Səs tembri tenor
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1932
"Qırmızı əmək bayrağı" ordeni — 1938
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə
 

Hüseynqulu Məlik oğlu, əsil soyadı Rzayev, Bakıdakı İçərişəhərin Yeddilər məhəlləsində dünyaya gəlib. Onun atası Məlik gəmi kapitanı olub, babası Hacı Rza da eyni peşəni icra edirdi. Atasının İrana, Hacıtərxana və Xəzər sahilindəki müxtəlif şəhərlərə etdiyi səfərlər ailənin gündəlik yaşayışına çətinliklə yetirdi. 1881-ci ildə atası Türküstanda dəmir yol çəkilişi zamanı gəmisi bütün heyəti və yükü ilə birlikdə sulara qərq olub. Anasının ikinci dəfə ərə getməsindən sonra Hüseynqulunun çətin günləri başlayıb.[1]

Hüseynqulu Sarabskinin tərbiyəsində əsas rol anası Cəvahir xanım oynayıb; o, oğluna ilk təhsili verməyə çalışmışdır. İlk olaraq İçərişəhərdəki Şah məscidinin yanında, 9 saylı evdə yaşayan Anaqızdan ibtidai dini təhsil alıb, sonrasında isə Məsməxanımın yanında bu işi davam etdirib. Ancaq mollalıq peşəsinə meyli olmadığı üçün Hüseynqulu çərəkəni tamamlamamışdır. Atalığı onu üstüörtülü bazarda papaqçı Babanın yanına şəyirdliyə göndərmiş, daha sonra bənna yanında palçıq daşıyan işçi olmuşdur. Bir müddət ağ daş yonan kimi də fəaliyyət göstərib.[2]

Hüseynqulu, gözəl səsi və avazı ilə məhərrəmlik təziyələrində mərsiyələr oxuyur, şəbih tamaşalarında iştirak edirdi. 1897-ci ildə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin açdığı kursda rus dilini öyrənmiş, ertəsi il Həbib bəy Mahmudbəyovun məktəbinin ikinci sinifinə qəbul olunmuşdur. Eyni zamanda, daş anbarlarına marka vuran işlər görərək ayda 15 manat əmək haqqı alırdı. Bir müddət "Paşa Dadaşov" gəmisində matros kimi çalışıb, daha sonra Ağ şəhərdə elektrik stansiyasında mühəndis köməkçisi olaraq fəaliyyətini davam etdirmişdir. Teatra isə həvəskar aktyorlar Murad Muradov və Mehdi bəy Cabbarlinski vasitəsilə cəlb olunub.[3]

Səhnə fəaliyyəti

redaktə

İlk dəfə 1902-ci ildə Nəriman Nərimanovun "Dilin bəlası" pyesində Rəsul roluna çıxan Hüseynqulu sonralar teatr səhnəsində Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır. O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Uilyam Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərində də çıxış edirdi. Məhz Henrix Heynenin "Əlmənsur" pyesində ərəb səyyahının rolunda çıxış edərkən oxuduğu təsiredici "Hicaz" muğamı onun Azərbaycan mədəniyyətinin yeni bir aləminə — musiqili-teatra, operaya gətirdi. Bu tamaşa zamanı Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun" üzərində işləyən Üzeyir Hacıbəyovun diqqətini cəlb etdi. Üzeyir Hacıbəyov məlahətli səsə malik, muğamlara bələd olan aktyor kimi də təbii və canlı Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola — Məcnun roluna dəvət etdi. Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və şöhrət gətirdi. Aktyorun özünün yazdığı kimi "vaxtı ilə onu barmaqla göstərən, ona tənə ilə baxanlar indi onu Məcnun deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar". Səhnədə yaşadığı 30 ildən artıq bir müddətdə o 400 dəfə bu rolu oynamış,[1] Azərbaycan səhnəsinin təkrarolunmaz Məcnunu kimi ad qoymuşdur.[2]

Əziz Şərifin Sarabskinin Məcnunu haqda bunları yazır: "Sarabskinin oyunu misilsiz idi. Onun nəğmələri bulaq kimi axır… Ağlaya-ağlaya, inildəyə-inildəyə öz məhəbbətindən, öz Leylisindən Füzulinin qəzəlləri ilə ölməz muğam üstündə danışır, insan qəlbinin ən incə damarlarına işləyən musiqi mənə o qədər təsir edirdi ki, hönkürtümü çətin boğa bilirdim. Lakin göz yaşlarım durmadan axırdı. Qəlbimi isə qəribə hisslər doldururdu. Zavallı, uğursuz, divanə Məcnun! Sarabski öz rolunu böyük məharətlə oynadı. O, Məcnun surətini səhnədə tam mənası ilə canlandırdı".[4][5]

Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun. Bu rolu ilk dəfə 12 yanvar 1908-ci ildə, Tağıyev teatrının binasında, Hüseyn Ərəblinskinin quruluşunda oynayıb), "Rüstəm və Söhrab" (Rüstəm), "Şah Abbas və Xurşid banu" (Şah Abbas), "Əsli və Kərəm" (Kərəm), "Şeyx Sənan" (Şeyx Sənan), "Ər və arvad" (Mərcan bəy), "Məşədi İbad" (Sərvər), "Arşın mal alan" (Əsgər), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Aşıq Qəpib), "Evliykən subay" (Orduxan bəy), "Əlli yaşında cavan" (Xosrov və Muxtar bəy), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Şah İsmayıl), mətni Hacıbaba Şərifovun və musiqi tərtibatı David Slavinskinin "Mehr və Mah" (Mehr) opera və operettalarının ən müxtəlif quruluşlarında əsas partiyaları ifa edib.

Hüseynqulu Sarabski, görkəmli bəstəkar Üzeyir bəy Hacıbəyovun "Rüstəm və Söhrab" (12 noyabr 1909) operası və "Arşın mal alan" operettasının (25 oktyabr 1913) ilk quruluşçu rejissoru kimi fəaliyyət göstərib. Üzeyir bəy və Zülfüqar bəy Hacıbəyov qardaşlarının Bakıda, Tiflisdə və İrəvanda səhnələşdirilən bütün musiqili əsərlərinə bir neçə dəfə rejissorluq etmişdir. Bundan əlavə, Hacıbəyov qardaşlarının idarə etdiyi truppanın Mayılov Teatrında hazırladığı və səhnəyə qoyduğu Müslüm Maqomayevin "Şah İsmayıl" operasının ilk tamaşası 7 mart 1919-cu ildə həm bəstəkarın, həm də Sarabskinin benefisi olaraq göstərilmişdir. Hüseynqulu Sarabski əsasən Bakıda, həmçinin Tiflis, İrəvan, Dərbənd, Batum qastrollarında "Ölülər" (Cəlil Məmmədquluzadə), "Əl Mənsur" (Henrix Heyne), "Napoleon muharibəsi və yaxud Moskva yanğını" (Baxmetov), "Yezid ibn Müaviyyə" (Mehdi bəy Hacınski), "Əmir Əbül Üla" (Hüseyn Bədrəddin və Məhəmməd Rüfət), "Cəhalət" (Hüseynqulu Sarabski), "Pəri cadu" (Əbdurrəhimbəy Haqverdiyev), "Xan-xan" (Haşım bəy Vəzirov), "Dilin bəlası" ("Şamdan bəy", Nəriman Nərimanov), "Molla Nəsrəddin" (Qulamrza Şərifzadə), "Xor-xor", "Axşam səbri xeyir olar" (Soltanməcid Qənizadə) tamaşalarına quruluşlar verib. "Ölülər", "Napoleon müharibəsi" və "Pəri cadu" onun ən bitkin quruluşları saylır.[3]

Oynadığı əsas dramatik rollar: Dursunəli ("Dursunəli və Ballıbadı", Sultanməcid Qənizadə), Məstəli şah, Əsgər bəy ("Müsyö Cordan və dərviş Məstəli şah" və "Hacı Qara", Mirzə Fətəli Axundzadə), Əl Mənsur ("Əl Mənsur", Henrix Heyne), Fərhad və Zöhhak ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Hacı Qəmbər və Əşrəf bəy, Fəxrəddin ("Hacı Qəmbər" və "Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), Qurban, Nəcəf bəy, Cəfərqulu xan, Fərhad ("Pəri cadu", "Dağılan tifaq", "Ağa Məhəmməd şah Qacar" və "Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Lyapkin-Tyapkin və Şpekin ("Müfəttiş", Nikolay Qoqol), Montano və Yaqo ("Otello", Vilyam Şekspir), Ağacavad və Qulu, Nadir şah və Şah Təhmas ("Şamdan bəy" və "Nadir şah", Nəriman Nərimanov), Şveytser ("Qaçaqlar", Fridrix Şiller), Dərviş ("Əmir Əbül Üla", Hüseyn Bədrəddin və Məhəmməd Rüfət), Zəvvar ("Səid ibn Bəqqas", Mirzə Məmməd Axundzadə).[4]

1932-ci ildən 1945-ci ilədək Hüseynqulu Sarabski Azərbaycan Dövlət Konservatoriyasında və Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində muğam sənətini tədris etmişdir. Bu müddət ərzində Hüseynağa Hacıbababəyov, Məmmədtağı BağırovƏlövsət Sadıqov kimi müğənni aktyorları Məcnun və Kərəm rollarına hazırlamışdır. 1917-ci ildə Bakıda "Film" aksioner cəmiyyətinin çəkdiyi "Arşın mal alan" filmində Əsgər obrazını canlandırmış, "Səbuhi" filmində isə Aşıq rolunda çıxış etmişdir.[6]

Adlar və mükafatlar

redaktə

Filmoqrafiya

redaktə

Əsərləri

redaktə

Povestləri

redaktə
  1. Bir aktyorun xatirələri
  2. Köhnə Bakı
  3. Hüseyn Ərəblinskinin tərcümeyi-halı

Pyesləri

redaktə
  1. Cəhalət
  2. Axtaran tapar
  3. Nə tökərsən aşına, o çıxar qarşına

Xatirəsi

redaktə

4 mart 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır[7].

İstinadlar

redaktə
  1. 1 2 Lider TV. "Hüseynqulu Sarabskinin anım günüdür" (az.). Youtube.com. 16.02.2017. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-17.
  2. 1 2 "AZƏRBAYCAN TEATRI 140". www.anl.az. 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-31.
  3. 1 2 "Hüseynqulu Sarabski - Azərbaycan səhnəsinin əfsanəvi Məcnunu". Bakuplus.az (az.). 2022-02-16. İstifadə tarixi: 2024-10-31.
  4. 1 2 "Səhnəmizin əfsanəvi Məcnunu - Hüseynqulu Sarabski". Xalq Cəbhəsi Qəzeti | Bütöv Azərbaycanın qəzeti (az.). 2024-02-02. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-31.
  5. Huseyngulu Sarabski Arxiv surəti 27 sentyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine. Axtar.az
  6. Huseyngulu Sarabski Arxiv surəti 10 oktyabr 2007 tarixindən Wayback Machine saytında by Rana Mammadova. Musiqi dunyasi
  7. president.az. ""Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi haqqında" [[Azərbaycan Respublikası Prezidenti]]nin [[4 mart]] [[2019-cu il]] tarixli [[Sərəncam]]ı" (az.). president.az. 04.03.2019. 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-04.

Mənbə

redaktə