Bala bəy Aşurbəyov

Bala bəy Aşurbəyov (1882, Bakı1937, Karaqanda) — Aşurbəylilər nəslinin nümayəndəsi, neft milyonçusu, Teymur bəy Aşurbəyovun oğlu və məşhur tarixçi Sara Aşurbəylinin atası.[1]

Bala bəy Aşurbəyov
Doğum tarixi 1882
Doğum yeri
Vəfat tarixi 1937
Vəfat yeri
Uşağı
Atası Teymur bəy Aşurbəyov
Fəaliyyəti sahibkar, iş adamı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Ailəsi

redaktə

Bala bəy 1882-ci ildə anadan olmuşdur. Atası Teymur bəy Qara bəy oğlu Aşurbəyov (1834 – 1908) Aşurbəyovlar nəslinin əsasını qoymuş Aşur xanın oğlu Hacı İmamverdi bəyin nəvəsi idi. Anasının adı Tutu xanım olmuşdur. Tutu xanım (1846-1930-cu illərin əvvəlləri) zabratlı və Məşədi Ələsgər Hacı Cəfər oğlunun qızı idi. Bala bəyin qardaşı Əli bəy də dövrünün məşhur neft milyonçularından biri olmuşdur.[2]

Ümumilikdə Bala bəyin və bütün Aşurbəyovlar kökən olaraq Əfşar türklərindən olan Aşur xan Əfşardan gəlməkdədirlər. Aşur xan Bakının Sabunçu, KeşləZabrat kəndlərini Nadir şah Əfşardan hərbi xidmətləri müqabilində almışdı. Sonradan bu torpaqlarda neftin tapılması ilə ailə Bakının məşhur milyonçu ailələrindən birinə çevrilmişdi.[3]

Evliliyi

redaktə

İsmət xanım ilə evliliyi barədə bildirilir ki, atası Teymur bəy Tiflisdə səfərdə ikən məşhur tacir ailəsi olan Sultanovlardan İsmət xanımı görür və oğlu Bala bəy ilə evləndirmək qərarına gəlir. Bakıya geri dönən Teymur bəy oğlunu Tiflisə oxumağa göndərir və Bala bəy də burada İsmət xanımla tanış olur. Teymur bəy 1904-cü ildə oğlu Tiflisdə təhsilini tamamlayanadək gələcək gəlini və oğlu üçün məşhur Aşurbəyovun evini inşa etdirmişdir.[4]

Həyat yoldaşı İsmət xanım ilə Tiflisdə tanış olmuşdular. İsmət xanımın atası tanınmış xalça, daş-qaş və əntiq əşya taciri idi. Onların nikahı əvvəlcə Tiflisdə, daha sonra isə Bakıda bir neçə günü əhatə edən toy ilə qeyd edilmişdir. Atası Teymur bəy 1904-cü ildə toy hədiyyəsi olaraq inqilabdan əvvəlki Bakının memarlıq incilərindən sayılan üçmərtəbəli mülkünü onlara bağışlamışdı. Bu bina ovaxtkı Şəhər Dumasının, indi isə Bakı meriyası binasının müəllifi olan İosif Qoslavskinin sonuncu işi idi. Aşurbəyovların mülkü Praçeçnaya küçəsində, indiki Qoqol–28 ünvanında yerləşirdi. Birinci mərtəbədə "Aşurbəyov qardaşları və Ko" neft şirkətinin ofisi, həmçinin gürcü knyaginyası Dadianinin mənzili yerləşirdi. İkinci mərtəbədəki 11 otaq və böyük zalda Bala bəy ailəsi ilə, üçüncü mərtəbədə isə valideynləri və böyük qardaşı Əli bəy yaşayırdı. Aşurbəyov qardaşları uğurlu biznesmenə çevrilmişdilər, onların yaratdığı "Əli bəy və Bala bəy Aşurbəyov qardaşları" şirkəti isə Bakının ən inkişaf etmiş neft şirkətlərindən biri idi. Şirkətin mədənləri Sabunçu və Zabrat  kəndləri yaxınlığında yerləşirdi. Uzun illər Aşurbəyov mədənlərinin müdiri işləmiş dağ mühəndisi Lann sonralar Estoniyanın mədənçıxarma sənayesi naziri olmuşdur.[4]

Bala bəyin İsmət xanım ilə evliliyindən dünyaya gələn Sara Aşurbəyli sonradan Azərbaycanın məşhur tarixçilərindən birinə çevrildi. O, fəaliyəti dövründə bir çox elmi mükafatlarla təltif edilmişdir. Sara Aşurbəyli ailəsi və atası barədə bunları yazmışdır:[4]

Mən 120 məqalə və dörd kitabın müəllifiyəm. “Şirvanşahlar dövləti” kitabına görə üç mükafat almışam – “əməkdar elm xadimi” adı, SSRİ Dövlət mükafatı və “Şöhrət” ordeni. Mənim kitablarımda rəhbərlərə və marksizm-leninizm klassiklərinə istinadlar yoxdur. Mənim kitablarımı açın, orada Lenindən, Stalindən, Bağırovdan, Xruşşovdan, Brejnevdən, Qorbaçovdan sitatlar görməzsiniz. Onların tarixi mənim ürəyimi parçalayıb, məni doğmalarıma həsrət qoyub, bizim gözəl evimizi dağıdıb. Mənim devizim – hakimiyyətlə heç bir kompromisə getməməkdir. Atam Bala bəy də belə idi. O, tarixdə neft sənayeçisi kimi qalıb, onun öhdəsindən nə Nobel qardaşları gələ bilib, nə Bağırov, nə də Stalin.

Oğlanları Rəşad Aşurbəyli isə həkim olmuş və 1944-cü ildə İkinci Dünya müharibəsində Budapeştin almanlardan alınması əməliyyatı zamanı öldürülmüşdür. Bacıları onun ölümünü uzun illər analarından gizlədirlər. İsmət xanım 1954-cü ildə, toyunun 50-ci ildönümü günündə vəfat etmişdir.[4][5]

Təhsili

redaktə

Bakıda Rus gimnaziyasını və Tiflisdə iqtisadiyyat kurslarını bitirmişdir.[4]

Fəaliyyəti

redaktə

Rus imperiyası dövründə

redaktə

Bala bəy sahibkarlıqla məşğul olmuş və böyük qardaşı Əli bəy (1878–1940) ilə birlikdə xeyriyyəçilik fəaliyyəti göstərmişdir. Əli bəy və Bala bəy atalarının işini davam etdirərək Bakı nefti uğrunda güclənən rəqabətlə əlaqədar tez-tez meydana çıxan münaqişələrin ən nüfuzlu arbitrləri olmuşlar. Onlar Ruhulla Axundovun (realnı məktəb), akademik Mir Əsədulla Mirqasımovun (Odessa Tibb İnstitutu) və Hənifə Pirvərdiyevin (realnı məktəb) təhsilinə dəstək vermişdir. Bakı su kəmərinin, Sabunçu xəstəxanasının və Sankt-Peterburqdakı böyük məscidin tikintisinin maliyyələşdirilməsində iştirak etmişdirlər.[4]

Aprel işğalından sonra

redaktə

Aprel işğalından sonra Azərbaycanda neft sənayesinin milliləşdirilməsinə başlanıldı. Aşurbəyovların şirkətlərinin və mülklərinin müsadirə edilməsi ilə birlikdə özləri də təzyiqə məruz qalırlar. Əvvəlcə Bala bəyin qardaşı Əli bəy həbs edilir. Lakin İsmət xanımın uzaq qohumu olan Nəriman Nərimanovun sayəsində onu azadlığa buraxırlar. Eyni zamanda Nərimanov Bala bəyə ailəsi ilə birlikdə Türkiyəyə köçməyə kömək edir. Ailə beş il İstanbulda yaşayır, yeni iqtisadi siyasət dövründə sakitlik yaranan kimi yenidən Bakıya qayıdır. Qoqol küçəsindəki mülkdə artıq çoxdan yeni sakinlər məskunlaşmışdı və Aşurbəyovlar qohumlarının Şah döngəsindəki kiçik mənzilində yaşamağa məcbur olurlar. Lakin 1935-ci ildə Bala bəy həbs edilərək Qazaxıstanın Karaqanda şəhərinə sürgün edilir. Burada həbsdə olarkən 1937-ci ildə güllələnir. Bu hadisədən təsirlənən qardaşı Əli bəy də 1940-cı ildə ürək tutmasından vəfat edir.[4]

Ölümü

redaktə

Karaqandada sürgündə olarkən 1937-ci ildə güllələnmişdir. Bala bəy Aşurbəyov 1965-ci ildə ölümündən sonra bəraət almışdır.[3]

Həmçinin bax

redaktə

Mənbə

redaktə
  • Ашурбейли, Сара ханум Балабек кызы, История города Баку. Период средневековья, Баку: Азернешр, 1992

İstinadlar

redaktə
  1. "Справка о реабилитации отца Сары ханым Бала бека Ашурбекова". www.sara-ashurbeyli.info. 25 aprel 2012. 31 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2024.
  2. "Теймур-бек Кара-бек оглы". www.sara-ashurbeyli.info. 5 yanvar 2009. 9 dekabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 dekabr 2024.
  3. 1 2 "Bakının memarlıq incisi: Aşurbəyovlar malikanəsi". Zaman. 30 oktyabr 2013.
  4. 1 2 3 4 5 6 7 "Bakının neftxudaları - Aşurbəyovlar ailəsi". modern.az. 5 fevral 2024. 3 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2024.
  5. Ашурбейли, 1992. səh. 337