Bakı Xalq Komissarları Soveti

Bakı Xalq Komissarları SovetiCənubi Qafqazda Sovet hakimiyyətinin ilk səlahiyyətli hakimiyyət orqanı.

Stepan Şaumyanın başçılığı ilə erməni-daşnak quldur dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətdiyi 1918-ci il Mart soyqırımından sonra Bakıda siyasi vəziyyət bolşeviklərin xeyrinə dəyişdi. Soyqırımdan sonra şəhərdə, demək olar ki, azərbaycanlı qalmamışdı. Şəhərin türk-müsəlman əhalisinin bir hissəsi silahlı bolşevik-daşnak dəstələrinin qırğın və talanlarından qurtulmaq üçün Mərkəzi Asiya və İrana qaçmış, qalan hissəsi isə ətraf kəndlərə dağılışmışdı. "Daşnaksutyun" rəhbərləri yüksək vəzifəli erməni "bolşeviklərinin" himayəsi ilə özlərini Bakının əsl sahibi kimi aparırdılar. Bakıda erməni-bolşevik siyasi partiyalarının mətbuat orqanlarından başqa bütün qəzet və jurnallar bağlanmışdı. Yeni yaradılan əmək komissarlığı, ərzaq direktoriyası, bütün nəqliyyat bolşeviklərin sərəncamına keçmişdi. Bütün milli şuraların fəaliyyəti qadağan edilsə də Erməni Milli Şurası fəaliyyətini davam etdirirdi. Aprelin 25-də hakimiyyət orqanı kimi Bakı Xalq Komissarları Soveti yaradıldı.[1]

Tərkibi

redaktə

BXKS-nin sədri vəzifəsinə S.Şaumyan "seçildi". O, eyni zamanda, xarici işlər komissarı idi. Xalq daxili işlər komissarı P.A.Çaparidze, ədliyyə komissarı A.B.Karinyan, nəqliyyat komissarı Markaryan, fövqəladə komissiyanın sədri Ter-Qabrelyan, Dövlət nəzarəti komissarı A.S.Boqdanov, əmək komissarı Y.D.Zevin seçildilər. BXKS qatı millətçi ermənilərdən və onlarla sıx əməkdaşlıq edən rus bolşeviklərindən ibarət idi. Azərbaycanlı komissarlara, əsasən, təsərrüfatla bağlı sahələr "həvalə" olunmuşdu. Nəriman Nərimanov şəhər təsərrüfatı, Mir Həsən Vəzirov isə torpaq işləri üzrə xalq komissarları idilər. Beləliklə, yerli azərbaycanlı əhalinin nümayəndələri, demək olar ki, hakimiyyətə yaxın buraxılmadı.[1]

Fəaliyyəti

redaktə

Mart soyqırımından sonra da müsəlman əhaliyə qarşı əvvəlki kimi qəddar düşmənçilik münasibəti bəslənilirdi. S.Şaumyan qarşısına "demokratiya" və "xalq hakimiyyəti" pərdəsi altında Azərbaycanı azərbaycanlılardan təmizləmək, onun yeraltı, yerüstü sərvətlərini çapıb-talamaq, torpaqlarını qəsb edib "Böyük Ermənistan" dövləti yaratmaq xülyasını reallaşdırmaq vəzifəsi qoymuşdu. O, BXKS-nin fəaliyyətini də bu məqsədə yönəltmişdi. BXKS Moskvanın birbaşa göstərişi ilə neft sənayesini milliləşdirdi və Bakı nefti Rusiyaya nəql olunmağa başladı. Bakı Soveti Fətəli xan Xoyskinin başçıllıq etdiyi Bakı şəhər dumasını buraxaraq, Zaqafqaziya seymini əksinqilabi qurum elan etdi. Moskva bütün vasitələrlə BXKS-ni hərbi-siyasi cəhətdən qüvvətləndirməyə çalışırdı. Bakıda isə BXKS ordusunun erməniləşdirilməsi prosesi başa çatdırıldı. BXKS ordusuna komandanlıq edən Z.Avetisyan, N.Qararyan, Hamazasp və b. azərbaycanlılara qarşı ifrat vəhşiliyi ilə ad çıxarmış qaniçənlər idilər. BXKS-ni istər milli tərkibi, istər yerli azərbaycanlılara qarşı yeritdiyi milli düşmənçilik və dözümsüzlük siyasəti Moskvanı tam qane edirdi. Belə ki, Moskva neft Bakısını, bütövlükdə Cənubi Qafqazı öz əlində və nüfuz dairəsində saxlamaq üçün bu antiazərbaycan hakimiyyət rejiminə özünün təsir mexanizmi kimi baxırdı.BXKS-nin qarşısına qoyduğu ən böyük vəzifələrdən biri də Gəncəyə hücum edib Azərbaycan Xalq Cümhuriyyətini devirmək idi. Lakin iyunun 27-si ilə iyulun 1-i arasındakı dörd günlük gərgin vuruşma cəbhənin taleyini həll etdi. Bu döyüşdə xalq könüllüləri, Azərbaycan və türk hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu BXKS qoşunlarını darmadağın edərək, Bakı istiqamətində hərəkətə başladı. Tezliklə, BXKS Azərbaycan mühitinə yad bir qurum kimi tarix səhnəsindən çıxdı. Bakıda hakimiyyəti zorakı yolla zəbt edən Bakı Soveti dövlət "əmlakını mənimsədiyi üçün Sentrokaspi" hökuməti tərəfindən həbs edildi. Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakını azad edən zaman həbsdə olan Bakı Soveti rəhbərliyi Bakını tərk etməyə cəhd etdi. Eserlər tərəfindən həbs edilən Bakı Soveti rəhbərliyi sentyabrın 20-də Türkmənistanda güllələndi.[2]

İstinadlar

redaktə
  1. 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı 2004. s. 204
  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı 2004. s. 205

Ədəbiyyat

redaktə