Ağabala Quliyev
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Ağabala Hacıqulu oğlu Quliyev (1862, Keşlə, Bakı qəzası – bilinmir, Təbriz[1]) — mesenat, milyonçu.
Ağabala Quliyev | |
---|---|
Ağabala Hacıqulu oğlu Quliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Keşlə, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | bilinmir |
Vəfat yeri | |
Uşaqları | Ağa İsmayıl, Rübabə xanım, Səriyyə xanım və Sara xanım |
Həyatı
redaktəAğabala Quliyev 1862-ci ildə Bakının Keşlə kəndində anadan olmuşdur.[2] Atası Cənubi Azərbaycandan gəlmiş yoxsul bir tənəkəçi olub. Tənəkədən müxtəlif ev əşyaları düzəldir və qazandığı pulla ailəsini çətinliklə dolandırırdı. Yaxın kəndlərdə aftava ustası kimi tanınırmış. Üç oğlu varmış: Ağabala, Sadıq və Baba. Arvadı öz xalası qızı Mələknisa evdə qutab bişirər və böyük övladı Ağabala ilə küçələrdə və bazarda satdırardı.
Bir müddətdən sonra Hacıqulu Keşlədən Bakı şəhərinə köçür. Ehtiyac içərisində yaşayan ata böyük övladı Ağabalanı erməni Tatavosovun buxar dəyirmanında işə, fəhləliyə düzəldir.[3] Uşaqlıqdan çox fərasətli olan Ağabala burada işlədiyi müddətdə buğda kisələrinin dəyirmana daşınmasından tutmuş buğdanın üyüdülməsinədək dəyirmanın hər işi ilə maraqlanır. Hər şeyi diqqətlə izləyir, bilmədiklərini yaşlı fəhlə yoldaşlarından öyrənirdi. O öz işində də çox səliqəli idi. Kontor müdiri Ağabalanın işindən o qədər razı idi ki, onu hər gün dəyirman sahibinə tərifləyirdi. Belə səyi və çalışqanlığı nəticəsində Ağabala çox keçmədən birbaşa sex müdiri təyin olunur.
O dəyirmanın həyatında öz qənaətçilliyi ilə tanındığı kimi şəxsi həyatında da qənaətçillik onun üçün həyati bir zərurət olmuşdu. Dəyirmanda hələ fəhlə işlədiyi günlərdən qazandığının yarısını atasına verir, qalanını yığıb saxlardı. Onu da deyək ki, fəhlə işlərkən kiçik bir ehtiyatsızlığı üzündən sağ əlinin bir neçə barmağını itirmişdi.
Ağabala sex müdiri işlədiyi müddətdə xeyli sərmayə toplamışdı. Heç zaman israfçılığa uymazdı. Qəpiyin qiymətini bilirdi. Nəhayət, varlanandan sonra dəyirmanı pulla dəyirman sahibindən aldıqda hamı təəccüb qalmışdı ki, bu qədər pul Ağabala üçün hardandır. Dəyirmanın işini yenidən qurmaq üçün o xüsusi plan hazırlamışdı. Köhnə avadanlığı yenisi ilə əvəz etdikdən sonra dəyirmanın istehsal qüvvəsi xeyli artdı. Əgər aldığı dəriyman vaxtı ilə onunla bir küçədə olan Malakan varlısı Skobelevin dəyirmanı ilə (indiki Xaqani küçəsində) rəqabətdə geri qalırdısa, indi avadanlığın sazlığı və buraxılan məhsulun keyfiyyəti ilə nəinki Skobelevin, hətta Sadıxov qardaşlarının, Hacı Zeynalabdin Tağıyevin, Kretingen və Qlaz qardaşlarının dəyirmanlarını da geridə buraxmışdı. Bir müddətdən sonra onun fəaliyyəti daha da genişlənir. O, Şimali Qafqazda da un, düyü təmizləyən, kraxmal dəyirmanları tikdirib işə salır. Vladiqafqazda, Stavropolda, Samarada, Qroznıda, Beslanda, Georgiyevskdə tikdirdiyi dəyirmanlar ona bütün Rusiyada şöhrət qazandırdı. Camaat içərisində o, dəyirmanlar kralı kimi ad çıxarmışdı. İstehsal həcmi etibarilə Skobelevdən savayı heç kəs onunla rəqabət apara bilmirdi. Ağabala Quliyev artıq Rusiyada dəyirman işinin ən böyük bələdçisi kimi tanınmışdı. Şimali Qafqaz xalqları arasında böyük hörməti vardı. Hətta bu yaxınlaradək Georgiyevskdə onun adına küçə var idi. Dəyirmanların bir gün də dayanmaması üçün əvvəlcədən taxıl ehtiyatı görüb, anbarlara vurdurardı. 1916-cı ildə Bakıda baş vermiş aclıq zamanı onun bu işi özünü doğrultdu, həmin ildə Şimali Qafqaz yolunun bağlanması nəticəsində Bakı dəyirmanları böyük çətinliklə üzləşdilər. Taxılın daşınmaması nəticəsində bir neçə dəyirman öz işini saxladı. Bu, Ağabala Quliyevin dəyirmanına isə bir o qədər təsir etməmişdi. Digər tərəfdən o, taxılın dəniz vasitəsilə daşınmasına da nail olmuşdu. O, Rusiyanın taxıl istehsal edən rayonları ilə daima əlaqədə idi. 1916-cı ilin fevral ayının 15-də Bakıda qadınların qiyamı oldu. Çörəyin çatışmazlığı üzündən qadınlar zəngin mağazalara, ərzaq anbarlarına və dəyirmanlara hücum çəkərək, qapıları sındırır, şüşələri qırır və əllərinə keçənləri evlərinə daşıyırdılar. Polis də onların öhdəsindən gələ bilmirdi. Bu hadisə Bakının tarixində "бабий бунт" ,yəni "qadın üsyanı" kimi tanınır. Bazarlar tamamilə talan edilmişdi. Dəyirmanlara da, o cümlədən Ağabala Quliyevin dəyirmanına da az ziyan dəyməmişdi. Yalnız qiyamın ikinci günü polis qiyamı yatırda bildi.
Ağabala Quliyevin evi
Doğrudur, Ağabala Quliyev şəhərdə uca binalar ucaltmağı o qədər sevmirdi. Lakin Bakının Poluxin küçəsində tikdirdiyi yaşayış binası şəhərin ən əzəmətli binalarından biri hesab olunurdu. Bu bina hazırda da şəhərə xüsusi gözəllik verir. O bu binaya istər xaricdən, istərsə də içəridən arxitektura elementləri ilə xüsusi bəzəklər vurdurmuşdu. Binanın layihəsini o zaman şəhərdə bir çox əzəmətli binaların layihəsini vermiş memar E. Y. Skibinski vermişdi. Binanın içərisini, otaqları bəzəmək üçün rəssam Malov dəvət olunmuşdu. Malovun otaqlardakı yağlı boya ilə çəkdiyi şəkillər içəri girəni heyran qoyur.
Ailəsi
redaktəAğabalanın üç qız övladı və bir oğlu olmuşdur. Oğlu Ağa İsmayıl, qızları: Rübabə xanım, Səriyyə xanım və Sara xanım, dördü də həmin bu binada boya-başa çatmışdılar.
Sara və Rübabə Türkiyədə ərə getmiş oğul-uşaq sahibi olmuşlar. Hazırda Sara və Rübabə həyatda olmasalar da onların nəsli İstanbulda yaşayır və çalışırlar. Sara xanımın bir oğlu olub. Adı Teumandır, musiqişünasdır. Bir müddət İtaliyada yaşayıb. Hazırda harada yaşadığı məlum deyil. Rübabə xanımın da iki övladı olub: biri oğlan, biri qız. Qızı, yəni Ağabala Quliyevin nəvəsi Mələk xanım hazırda İstanbul banklarından birində işləyir.
Fəaliyyəti
redaktəAğabala dəyirmanlar kralı kimi tanınmaqdan savayı həm də ictimai xadim olmuşdur. O zamankı Bakının həyatında elə bir hadisə olmazdı ki, Ağabala Quliyev onda öz maddi və mənəvi köməyi ilə iştirak etməmiş olsun. Ölkənin dövlət quruculuğunda, ictimai və mədəni tədbirlərin təşkilində, xalq təsərrüfatı sahələrinin inkişaf etdirilməsində onun böyük xidmətləri olmuşdur.
1878-ci ildə Bakıda ilk dəfə olaraq, şəhər dumasına seçkilər keçirilmişdi. Bütün Rusiyada dumaların və bələdiyyə idarəsinin yaradılması barədə hələ 1870-ci ildə imperatorun fərmanı olmuşdur. O zamandan da Rusiyanın iri şəhərlərində dumalar yaradılıb fəaliyyətə başlamışdılar. Bakıda isə bu fərman səkkiz il sonra həyata keçirilməyə başlamışdı. Belə ləngiməni o zamankı şovinist rus dairələri onunla izah edirdilər ki, guya azərbaycanlılar özlərini idarə etmək üçün hələ yetişməmişlər. Fərmanda göstərilirdi ki, başqa şəhərlərdə xristian olmayanlar əksəriyyət təşkil etdikdə dumaya həm xristianlardan, həm də yerli qeyri xristian millətlərdən bərabər miqdarda qlasnı nümayəndə seçilməlidir. Buna görə də Bakıda da dumaya ümumi sayın yarısı qədər, yəni 36 nəfər qlasnı seçilmişdi. Seçilənlər içərisində Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Əjdər bəy Aşurbəyov, İsa bəy Hacınski ilə yanaşı Ağabala Quliyev də vardı. Dumanın iclaslarında Ağabala Quliyev heç zaman passiv mövqe tutmazdı. Müzakirə olunan, xüsusilə ərzaqla əlaqədar məsələlərdə həmişə xalqın mənafeyi baxımından çıxış edərdi.
Ağabala Quliyev həm də böyük xeyriyyəçi idi. 1905-ci ildə təşkil olunmuş Müsəlman Xeyriyyə Cəmiyyətinin ilk müəssislərindən biri olmuşdur. Birinci Dünya müharibəsi başlanandan sonra Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin fəaliyyəti daha da genişlənmişdi. 1917-ci ilin aprel-may aylarında Bakıya Turkiyədən, Rum elindən çoxlu qaçqınlar gəlmişdi. Onları yerləşdirmək, yedirmək, isti pal-paltarla təmin etmək sahəsində cəmiyyət xeyli iş görmüşdü. Xeyriyyə cəmiyyətinin ümumi fondundan başqa Bakı varlıları və o cümlədən Ağabala Quliyev qaçqınlar üçün ərzaq: un, düyü ayırırdılar. Sonralar Qafqaz cəbhəsindən də çoxlu türk və alman əsirləri gətirildi. Onların da qayğısına qalmağı cəmiyyət unutmurdu.
1878-ci ildə Bakıdan Batuma neft kəməri çəkilməsi məsələsi meydana çıxdı. Lakin bu fikrin həyata keçirilməsi xeyli ləngiyirdi. Əcnəbi mühəndisləri kəmərin çəkilməsi məsuliyyətini üzərlərinə götürməkdən imtina etdilər. Sonralar məşhur rus mühəndisi V. Q. Şaxov bu işi boynuna götürdü. Bakı varlılarından bir neçəsi və o cümlədən Ağabala Quliyev Şaxova dayaq çıxdılar. Kəmərin çəkilməsi üçün təşkil olunmuş şirkətin sədrliyini də Ağabala Quliyev öz üzərinə götürdü.
1905-ci il rus inqilabından sonra Ağabala Quliyevin görüşlərində dəyişiklik əmələ gəlmişdi. O qatı mürtecə olan Hacı Aslan Aşurbəyovun təsiri altına düşərək, qaragüruhçulara meyl edirdi. 1905-ci ilin noyabrında Bakıda yaranmış "Yakor" təşkilatına daxil olmuşdu. Bu, Rusiyada yaranmış "Rus xalqının ittifaqı" adlı qaragüruhçu təşkilatın bir qolu idi. Ağabala Quliyev Azərbaycanda müstəqil respublika yaradılandan sonra da onların təsirindən qurtara bilməmişdi. Bu iş üstündə o hətta həbs edilib, bir neçə ay həbsxanada qalmışdı. 1920-ci ilin martında Ağabala Quliyev İrana gedir. O, İranda olarkən Bakıda çevriliş olur. Bolşeviklər hakimiyyət başına gəlirlər. Şəhərdə bir həftə talan gedir. Varlıların əmlakı müsadirə olunur, özlərini isə həbsə alırlar. Onlardan gizlənib, sonra xaricə qaçanlar da olmuşdu. Ağabala Quliyevin də ev-eşiyi talan edilir, arvad-uşaqları çölə atılır. Ağabala Quliyev İrandan öz gürcü dostlarına xəbər göndərir. Onların vasitəsilə arvadına və uşaqlarına cır-cındır paltar geyindirərək, Tiflisə aparılır və oradan İrana keçirlər. İrana çatdıqdan sonra bir müddət Təbrizdə yaşayırlar. Sonra ailəsi ilə birlikdə Türkiyəyə gedir. Bir müddətdən sonra, iki qızı: Sara və Rübabəni təhsil almaq üçün İstanbulda qoyur, özü isə arvadı və oğlu Ağa İsmayıl və bir qızı Səriyyə ilə birlikdə Təbrizə qayıdırlar. Onların hər üçü Təbrizdə ölmüş və orada dəfn olunmuşlar. Türkiyədə qalmış qızları Rübabə və Sara isə orada ərə getmiş və oğul-uşaq sahibi olmuşdular.
İstinadlar
redaktə- ↑ 1 2 https://banco.az/az/news/milyoncu-xeyriyyeci-agabala-quliyev-haqqinda.
- ↑ "Milyonçu-xeyriyyəçi Ağabala Quliyev haqqında". 2019-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-15.
- ↑ Bir zamanlar bazarda qutab satan milyonçu-xeyriyyəçi Ağabala Quliyev[ölü keçid]