Perikoronit
Perikoronit
Perikoronit çıxmaqda olan dişi əhatə edən yumşaq toxumaların və retromolyar çuxurun iltihabıdır. Etiologiyası Perikoronit əsasən aşağı səkkizinci diş (18, 28, 38, 48) nahiyəsində müşahidə edilir. Filogenez və ontogenez proseslərində aşağı çənənin reduksiyası və alveolyar hissənin distal şöbəsinin qısalması baş verir. Bununla əlaqədar olaraq bütün dişlərdən sonra çıxan “ağıl” dişlərinə yer qalmır. Çənələrdə “ağıl” dişi mayasının düzgün yerləşməməsi, çənənin özünün isə patoloji böyüməsi və inkişafı digər səbəblərdəndir. Bununla əlaqədar “ağıl” dişi ikinci molyara nisbətən önə doğru (az halda xaricə, daxilə və ya arxaya) əyilmiş olur. Aşağı “ağıl” dişinin çıxması aylar, hətta ilərlə ləngiyir. Çeynəmə zamanı daimi travma nəticəsində diş tacını örtən selikli qişada çapıqlaşma və sklerozlaşma baş verir. Diş onun üzərində yerləşən dəyişilmiş çapıqlı selikli qişanı dəlib keçə bilmir, ona görə də onun çıxması dayanır. Dişin tacı ikinci molyar səviyyəsindən aşağıda yerləşir və ya da çox vaxt yalnız 1 – 2 medial qabar çıxmış olur. Patogenezi Aşağı “ağıl” dişinin çıxması zamanı medial qabarlar üzərindəki selikli qişa atrofiyalaşır, tacın digər hissəsi isə selikli qişa ilə − kapyuşonla örtülü olur. Perkoronar sahəyə (diş tacı və kapyuşonun daxili səthi arasındakı sahə) qida qalıqları, deskvamativ epitel və selik keçir. Optimal temperatur, nəm mühit, işığın olmaması perikoronar sahədə yerləşən mikroflora üçün əlverişli şərait yaradır. Çenəmə zamanı kapyuşonun selikli qişasının travması onun səthində eroziya və xora yaranmasına, həmçinin yerli immunitetin zəifləməsinə gətirir. Bunun da nəticəsində tam çıxmayan “ağıl” dişi tacını əhatə edən toxumalarda iltihabi əlamətlər inkişaf edir. Kapyuşonun tez-tez travmalanması və iltihabi residivlər xroniki iltihabi proseslərə gətirir. Onlar xroniki kənar periodontit və xroniki gingivit tipi üzrə keçir. Dişin boyun nahiyəsində qranulyasion toxumanın artması, ətraf dəri sahələrinin sorulması müşahidə edilir. Bunun nəticəsində “ağıl” dişində patoloji sümük-diş əti cibi əmələ gəlir. Perikoronit zamanı sanki qüsur dövriyyəsi müşahidə edilir. Ödemli və şişmiş kapyuğon yemək vaxtı daimi travmalanmaya məruz qalır. Travma daha çox ödemə və kapyuşonun qalınlaşmasına səbəb olaraq iltihabı gücləndirir. Perikoronar sahədən ekssudatın çıxması çətinləşir. Ardınca iltihabi proses retromolyar çuxurun torlu qişasına və sümüküstlüyünə yayılır, irin kisəsi yaranır və retromolyar periostit əmələ gəlir.
Kliniki mənzərəsi
[redaktə | mənbəni redaktə et]Kəskin perikoronit kataral, xoralı və irinli ola bilər. Arxivləşdirilib 2017-02-20 at the Wayback Machine Kataral forma xəstəliyin başlanğıcında inkişaf edir. Kliniki olaraq bu, çıxmaqda olan “ağıl” dişi nahiyəsində artan ağrı ilə aşkara çıxır. Çeynəmə və udma zamanı gicgah və ya qulağa irradiasiya edən ağrı əmələ gəlir. Ağızın açılması məhdudlaşır və ağrılı olur. Çənə bucaqları nahiyəsində yumşaq toxumaların ödemi əmələ gəlir. Ümumi vəziyyət kafidir, temperatur norma daxilindədir. Aşağı çənəaltı nahiyədə böyümüş və ağrılı limfatik düyün müəyyən edilir. “Ağıl” dişi hiperemiyalaşmış və ödemli selikli qişa kapyuşonu ilə örtülmüşdür. Adətən dişin 1 – 2 medial qabarı görünür. Bəzi hallarda diş tacı bütünlüklə kapyuşonun altında qalmış olur, yalnız kapyuşonu qaldırdıqda dişi görmək olar. Kapyuşonun altından heç nə ifraz olunmur, onun palpasiyası ağrılıdır. Perikoronitin bu forması əlverişlidir və vaxtında müalicə olunarsa tez bir zamanda sağalır.
Xoralı perikoronit spiroxetlərlə infeksiyanın nəticəsində yaranır. Belə halda səkkizinci diş tacını örtən diş ətinin kənarı üzrə nekrotik haşiyə görünür. Xoralı perikoronit ikinci molyarın arxasında çeynəmə zamanı güclənən güclü ağrı ilə xarakterizə olunur. Ağrı qulağa və gicgah nahiyəsinə yayılır. Həmçinin udma zamanı da ağrı əmələ gəlir (diş anginası). Xəstənin ümumi vəziyyəti pozulur, bədən temperaturu 380C-yə qədər artır. Ağızın açılması məhdudlaşır və ağrılı olur (I dərəcəli iltihabi kontraktura). İltihabi əlamətlərin proqressivləşməsi zamanı ağızın açılmasının məhdudlaşması artır (II dərəcəli kontraktura). Aşağı çənəaltı limfatik düyünlər böyümüş, palpasiya zamanı ağrılıdır. “Ağıl” dişi selikli qişası həm infiltrasiya olunmuş və hündürləşmiş kapyuşon nahiyəsində, həm də qanadabənzər-aşağı çənə büküşü və aşağı molyarlar səviyyəsində ağız dəhlizinin aşağı qübbəsində hiperemiyalı və ödemlidir. İltihabi əlamətlər damar-dil qövsü, yanaqlar və yumşaq damağın selikli qişalarına yayılır. Üzərindən basdıqda onun altından irinli tərkib çıxır, güclü ağrı yaranır.
Ağızdaxili rentgenoqrafiya zamanı əgər səkkizinci diş vertikal, əyilmiş və horizontal vəziyyətdə retensiya olunmuşsa, retromolyar nahiyədə sümük toxumasının kənar sorulması müşahidə edilir. Rentgen təsvirdəki belə dəyişikliklər xroniki perikoronitin olmasını göstərir. Diş kisəciyi heç də həmişə iltihabi prosesi izolə etmir. Çox vaxt xroniki perikoronit xroniki sementitlə müşayiət olunur ki, bu da hipersementoza gətirə bilər. Əgər kəskin irinli perikoronit diş kisəciyindən kənara yayılır və ya da xroniki perikoronitin kəskinləşməsi başlayırsa, onda parodontogen periostit əlamətləri başlaya bilər. İzolə olunmuş perikoronit hallarında bir qayda olaraq çənələrin trizmi müşahidə edilmir. Periostitin fərqləndirici simptomu müxtəlif dərəcəli trizm hesab edilir. Belə əlamətlər prosesin yuxarı səkkizinci diş nahiyəsində inkişafı zamanı az, aşağı səkkizinci dişin retensiyası zamanı isə nisbətən çox rast gəlinir.
Molyararxası periostit perikoronit zamanı ekssudatın çıxmasının pozulması və mariginal periodontdan və kapyuşonun altından irinli infeksiyanın molyararxası çuxurun sümüküstlüyünə və molyararxası sahənin torlu qişasına yayılması zamanı inkişaf edir və burada abses formalaşır. Xəstəlik irinli perikoronitin kliniki simptomları ilə xarakterizə olunur, lakin əlamətlər daha da kəskin olur. Ağrı intensivləşir. Ümumi vəziyyət pisləşir, zəiflik və halsızlıq əmələ gəlir, bədən temperaturu 38,50C-yə qədər artır. İltihabi kontraktura (II və III dərəcə) kəskin ifadə olunmuşdur, qidanı çeynəmək mümkün olmur, yuxu pozulur. Xəstə solğundur, aşağı çənəaltı və boyun nahiyəsinin aşağı hissəsində toxumaların kəskin ödemi qeyd edilir. Aşağı çənəaltı limfatik düyünlər böyümüş və ağrılıdır.
Ağız boşluğuna yalnız çənələri məcburi araladıqdan sonra baxmaq olur. Çıxmaqda olan “ağıl” dişinin ətrafındakı selikli qişadailtihabi dəyişikliklər irinli perikoronitə nisbətən daha kəskin ifadə olunmuş və ağız boşluğunun qonşu sahələrinə yayılmışdır. Kapyuşonun və ətraf toxumaların palpasiyası kəskin ağrılıdır. Molyararxası nahiyədə çənələrin alveolyar hissəsinin xarici, az halda isə daxili səthinə keçən infiltrat müəyyən edilir. Kəskin irinli xarakterə malik periostit prosesləri arasında perikoronar abseslə zədələnməyə daha çox rast gəlinir. Prosesin lokallaşması hallarında irinli ekssudat retensiya olunmuş səkkizinci dişi və onun tacını örtən yumşaq toxumlar arasında yerləşir ki, bu da həmin nahiyənin şişməsinə səbəb olur. Lokallaşmış proseslər arasında daha çox çeynəmə əzələsinin ön kənarının absesi əmələ gəlir. Irinli ocaq dişin yanaq səthinin yaxınlığında yerləşir.
Çox vaxt o, medial istiqamətdə, II molyara uyğun yerləşir, keçid pərdəsi nahiyəsində kiçik flüktuasiyaedici bərkimə müşahidə edilir. Bəzi hallarda irin kisəsi sağlam I molyar nahiyəsində qeyd edilir. əgər çeynəməətrafı abses öz-özünə partlayırsa və ya da müalicə qeyri mütəxəsis tərəfindən aparılırsa və irin kisəsinin açılması isə səkkizinci dişin retensiyasının nəzərə alınmaması ilə həyata keçirilirsə onda kəskin simptomların yoxa çıxmasından sonra fistula yarana bilər. Gecikmiş vəziyyətlərdə xarici kəsiklə çeynəməətrafı absesin açılması və ya onun öz-özünə açılması üzdə fistula yaranmasına səbəb olur.
Perikoronar mənşəli kəskin irinli prosesin yanaq nahiyəsinə yayılması yanaqların aşağı hissəsində abses əmələ gəlməsi ilə aşkara çıxır. Prosesin retromolyar nahiyəyə yayılması paratonzillyar absesin yaranmasına səbəb ola bilər. Belə halda irinli ekssudat udlaq nahiyəsinə və torlu qişa üzrə selikli qişanın altındakı yumşaq damaq əzələlərinə yayılır. əmələ gələn absesin xarakterik simptomları temperaturun artması, trizm, ağır və ağrılı udma, kəskin ifadə olunmuş çənəaltı limfadenit və danışıq zamanı tın-tınlıq hesab edilir.
Perikoronar mənşəli parodontogen periostitin proqressivləşən prosesləri irinli əriməyə meyilli aşağı çənəətrafı ilfiltratları şəklində aşkara çıxır. Çənə qanadı sahəsində və çənəarxası çuxurda abseslər də yarana bilər. İnfiltratın aşağı çənənin daxili səthinə yayılması zamanı abseslər dilaltı abses şəklində çənə-dilaltı əzələnin üstündə və ya da çənəaltı nahiyənin irinli infiltratları şəklində çənə-dilaltı əzələnin altında müşahidə edilə bilər.
Retensiya olunmuş səkkizinci dişdən əmələ gələn və çənəarxası çuxura yayılan infiltratların olması zamanı proses daha da ağır gedişə malik olur. Udlaqətrafı sahəyə yayılaan çənə qanadı sahəsinin infiltratı da ağır gedişli olur. Irinli perikoronit zamanı əmələ gələn sümüküstlüyünün iltihabi prosesləri az və ya çox dərəcədə yayılmış osteomielitlə müşayiət oluna bilər. Perikoronar mənşəli kəskin proqressivləşən sümüküstlüyü prosesləri abseslərin əmələ gəlməsinə meyillidir və yalnız nadir halda fleqmona xarakteri daşıyır.
Ağırlaşması
[redaktə | mənbəni redaktə et]Perikoronit və molyararxası periostit aşağı çənəaltı nahiyənin irinli limfadenitinə, aktinomikoza və xoralı stomatitə səbəb ola bilər. Molyararxası periostit zamanı prosesin təkrar ağırlaşması çox vaxt aşağı çənə şaxələrinin kompakt qatının məhv olmasına və ikincili kortikal osteomielitin inkişafına gətirir. Aşağı “ağıl” dişinin çətin çıxması paradental kistanın əmələ gəlməsi, kariyes, pulpit və “ağıl” dişi və ikinci molyarın periodontiti ilə ağırlaşa bilər.
Diaqnostikası
[redaktə | mənbəni redaktə et]Perikoronit və molyararxası periostit xarakterik kliniki mənzərə və rentgenoloji məlumatların əsasında diaqnostika edilir. Aşağı çənənin yan proyeksiyada rentgenoqrammasında aşağı “ağıl” dişinin yerləşməsi, onunperiodontunun və ətraf sümüklərin vəziyyəti, aşağı çənə şaxələri və aşağı çənə kanalına münasibəti görünür. Molyararxası periostit perikoronitdən fərqli olaraq molyararxası nahiyədə iltihabi infiltratın əmələ gəlməsi ilə müşayiət olunur. Xroniki proses zamanı çox vaxt diş boyununda və kökün uzunluğu boyu geniş yarıq şəklində (çox vaxt aypara şəklində) sümük rezorbsiyası xarakterikdir. Aşağı “ağıl” dişinin çətin çıxması zamanı kəskin iltihab diaqnozunun qoyulması çətinlik törətmir.
Xroniki perikoroniti xroniki pulpit və periodontitdən, bəzi hallarda isə üçlü sinirin nevralgiyasından differensiasiya etmək lazımdır.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Seyidbəyov O.S., ƏliyevM.M., Qarayev R.M., Haqverdiyev M.B., İsmayılov M.İ., Soltanov R.N., Əsədov H.Ə., İsmayılovA.İ., Abışov R.Q., Quliyeva L.X., Məmmədova A.M. – Terapevtik stomatologiya. – Bakı, 2014.
- Луцкая И.К. – Диагностический справочник стоматолога. – 2010, Медицинская литература.
- Полушкина Н.Н. – Диагностичекий справочник стоматолога. – М.: АСТ: Астрель: Полиграфиздат, 2010.